Yüz münlərlə insanın yararlanacağı layihə - ŞƏRH

Yüz münlərlə insanın yararlanacağı layihə

Cari ilin 16 aprel tarixində Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev su ehtiyatlarımız, ondan səmərəli istifadə, eləcə də kənd təsərrüfatı sahəsində ölkəmizin qarşısına qoyduğu məqsədlər, əldə edilmiş nailiyyətlər, prespektivlər barədə ətraflı məlumat verdi.

Yeni qurulacaq Şirvan suvarma kanalının xüsusi əhəmiyyətə malik olacağını vurğulayan ölkə başçısı yaxın 3 il ərzində tikinti işlərinin yekunlaşacağını bildirdi. Bilirik ki, Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşir. Kanal Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.

Tamamilə yenidən qurulacaq kanalın üstünlüklərindən yüz min hektarlarla torpaqlarımız bəhrələnəcəkdir. Bu isə yüz minlərlə insanın  bu layihədən yararlanması deməkdir. Əlbəttə ki, burada əsas məqsədlərdən biri insanların rifah halının yüksəldilməsidir. Bu cür layihələr ölkələrin iqtisadi gücünün artamasına zəmin yaradır. Son iyirmi il ərzində Ali Baş Komandanın məqsədyönlü, düşünülmüş siyasəti nəticəsində ölkəmizdə reallaşdırılan elektrik enerjisi, avtomobil yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Təməlqoyma mərasimində ölkə başçısı cənab İlham Əliyev belə layihələrin gələcək inkişafa xidmət etdiyini vurğuladı: “Mən bir daha demək istəyirəm ki, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.

Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran infrastruktur layihələrin arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri duracaqdır.”

Qeyd edək ki, bu il  artıq 4 il olacaq ki, 30 ilə yaxın erməni işğalına məruz qalmış torpaqlarımız azad edilib. Ötən qısa zaman kəsiyində qüdrətli ölkəmiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə meqa layihələr reallaşdırır. Uzun illər bol sulu çaylarımızın suyunu, şəxsi məqsədləri üçün istifadə edən mənfur qonşumuzun əməlləri nəticəsində Qarabağ zonasının bərəkətli torpaqları suvarılma imkanlarından məhrum olmuşdur.  Artıq zaman o zaman deyil. Bəli Qalib ölkəmiz iqtisadi, siyasi, hərbi qüdrəti sayəsində haqqı olanı əldə edib. 

Kainat Qurbanov;
Neftçala rayon gənci, Vətən Müharibəsi qazisi