Pakistan-Azərbaycan; Qardaş Dövlətlər! - RƏY

Pakistan-Azərbaycan; Qardaş Dövlətlər!

Möhtərəm Prezident cənab İlham Əliyevin iyul ayının 11-12-də Pakistan İslam Respublikasına etdiyi dövlət səfəri hər iki dövlət üçün çox mühüm, əlamətdar hadisələrlə yadda qaldı. Bu səfər Bakı ilə İslamabad arasındakı münasibətlərin, o cümlədən təhlükəsizlik sahəsindəki əməkdaşlığın dinamikasını bir daha canlandırdı.

Qeyd edək ki, Ölkə başçımızın Pakistana dövlət səfəri Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə görüşündən qısa müddət sonraya təsadüf etdi. Məhz həmin Zirvə görüşündə ən yüksək səviyyədə görüşlər keçirən, səmimi, qardaşlıq münasibətləri nümayiş etdirən cənab İlham Əliyev və Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərif bununla, həm də bəzi beynəlxalq dairələrə bir daha mesaj vermiş oldular. Sevindiricidir ki, Azərbaycanla Pakistan əlaqələri ölkələrin daxili siyasi həyatındakı hadisələrdən asılı olmayaraq inkişaf edir. Bu fakdır ki, nüvə dövləti olan Pakistan dünyanın təhlükəsizlik sistemində önəmli paya sahibidir. Hələ Vətən Müharibəsi, həmçinin ondan əvvəl torpaqlarımızın işğal altında olduğu zamanlarda Pakistanın Azərbaycanın haqq işini, təkcə sözdə deyil, əməldə də müdafiə etməsi bu dövlətin xalqımızın qəlbində yerini əbədi olaraq həkk etmişdir. Qeyd edək ki, işğala məruz qalmaqla bərabər dünya birliyinin gözü önündə haqq və hüququ pozulan Azərbaycan eyni problemdən əziyyət çəkən qardaş Pakistan dövlətinin hər zaman yanında olub, onu haqq işində dəstəkləyib. Cəmmu və Kəşmir məsələsində açıq şəkildə Pakistanın haqq işini müdafiə edən ölkəmiz bununla, həm də dünyaya əsl ədalət nümayiş etdirmişdir. Hazırda hər iki ölkə arasında iqtisadi münasibətlərdə də geniş prespektivlər mövcuddur. Hər iki ölkə milli maraqlara uyğun olaraq, iqtisadi potensiallarından istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri saxlayırlar.

Cənab Prezidentin Pakistana son səfərindən də məlum oldu ki, Azərbaycan da bu ölkəyə sərmayə qoymaqda maraqlıdır. Ölkə başçısı səfər zamanı mətbuata verdiyi bəyanatında bu məsələni xüsusi qeyd etmişdir: “Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq.” Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin İslamabada dövlət səfəri dünyanın bütün səviyyələrdə məruz qaldığı neqativ dəyişikliklərə Azərbaycanla Pakistanın geosiyasi münasibətini açıq şəkildə nümayiş etdirdi.

Vüsalə Həsənova;
Neftçala rayonu, mədəniyyət işçisi