“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı ildə keçirilmiş müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib. Dövlət başçısının Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini, həmçinin innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsini təmin edəcəkdir. Eyni zamanda, müşavirədə müəyyən edilmiş prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu strateji sənəd yaxın üç il ərzində ölkənin texnoloji mənzərəsini dəyişdirəcək kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir. Eyni zamanda, dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması əsas hədəflər kimi müəyyən edilib.
İdarəetmə sahəsində effektivliyin artırılması və strateji hədəflərin icrası məqsədilə Fəaliyyət Planı çərçivəsində aydın institusional məsuliyyət mexanizmi formalaşdırılıb. Bu məqsədlə hər bir dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyə birbaşa cavabdeh məsul şəxsin təyin edilməsi qərara alınıb. Həmçinin, dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizminin qurulması ilə dövlət investisiyalarının effektivliyinin artırılması və rəqəmsal layihələrin vahid arxitekturaya tam uyğunluğunun təmin edilməsi hədəflənir.
Rəqəmsal inkişafın əsas yeniliklərindən biri dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçiddir. Belə ki, bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlər yalnız “mygov” və “mygov Biznes” platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunacaq. Ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqləri ləğv edilərək vahid ekosistemdə birləşdiriləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Plan mövcud xidmətlərin rəqəmsallaşdırılması ilə yanaşı, proaktiv modelə keçidi də nəzərdə tutur. Bu yanaşmaya əsasən, bəzi xidmətlər vətəndaşın əlavə müraciəti olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. “Yalnız bir dəfə” prinsipinin tətbiqi isə təkrar sənəd tələbini minimallaşdırmaqla bürokratik maneələri aradan qaldıracaq. Eyni zamanda, “dövlət məlumat hövzəsi”nin yaradılması və müxtəlif informasiya resurslarının ora inteqrasiyası məlumatların dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edəcək.
Digər mühüm istiqamət innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi və İKT ixracının artırılmasıdır. Bu çərçivədə vençur maliyyələşdirilməsi, kraudfandinq və “mələk investorlar” institutunun hüquqi bazasının formalaşdırılması, həmçinin yerli və beynəlxalq vençur kapitalı fondlarının iştirakı ilə “Fondlar Fondu”nun yaradılması nəzərdə tutulur. Yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi və açıq məlumatların API-lər vasitəsilə biznes və startaplar üçün əlçatan olması planlaşdırılır. Qlobal istedadların cəlbi üçün “rəqəmsal səyyah” və “rəqəmsal istedad” vizalarının tətbiqi, eləcə də frilanserlər üçün vergi güzəştləri Azərbaycanın regional texnologiya mərkəzi kimi mövqeyini gücləndirəcək.
Müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət və cəmiyyət həyatına inteqrasiyası da əsas prioritetlərdəndir. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və xidmətlərin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur. Vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual köməkçilərin tətbiqi genişləndiriləcək, “Tənzimləyici Test Mühiti”ndə uğurla sınaqdan keçmiş süni intellekt həllərinin ölkə miqyasında tətbiqi üçün hüquqi baza formalaşdırılacaq və uğurlu modellərin dövlət xidmətlərinə tam inteqrasiyası təmin ediləcəkdir.
Rəqəmsal mühitdə kibertəhlükəsizliyin təmin edilməsi üçün milli kibertəhlükəsizlik ekosistemi də gücləndiriləcək. Kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün Milli Təhlükəsizlik Əməliyyatları, Milli Kiberinsidentlərə qarşı Mübarizə və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması planlaşdırılır. Bütün dövlət xidmətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası və dövlət informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”na keçidinin yekunlaşdırılması informasiya təhlükəsizliyini, o cümlədən kibertəhlükəsizliyi artıracaq. Bu yanaşma Azərbaycanın dövlət idarəçiliyi və iqtisadi modelində tam rəqəmsal transformasiyanın yeni mərhələsini əks etdirir.
Qeyd edək ki, Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri birləşdirir. Beləliklə, strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modelində cəmlənir.

