Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 

Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29...

Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29...
 
Elmə əsaslanan təcrübə sübut edir ki, ölkələrdə yaşam səviyyəsindən və yaşından asılı olmayaraq ümumi rifah halında pozitiv istiqamətdəki dəyişikliklər əhalinin daha da səviyyəli tibbi xidmətə tələbatını artırır. Bu isə öz növbəsində ölkələrin səhiyyə iqtisadiyyatları üçün çox önəmli dəyişiklik deməkdir ki, öncədən çox ciddi strateji planlama tələb edir.
 
Yuxarıda sadaladıqlarım ciddi səhiyyəsi olan dövlətlərin sosial-iqtisadi və səhiyyə siyasətinin mühüm prioritetlərindəndir. Bu siyasəti təyin edən və ona nəzarət edən komandanın tərkib hissəsi başqa mövzudur (bundan başqa vaxt bəhs edərik).
 
İndi isə son günlərdə Almaniya və Belçikada keçirdiyim görüşlər və müzakirələrdən sonra diqqətinizi tibbi xidmətlərin bütün növ xəstəliklərdə başlanğıcdan doğru təşkilinin vacibliyinə və elmə əsaslı ön tədbirlərin vacibliyinə çəkmək istəyirəm.
 
Məsələn, bunu aşağıdakı xəstəlik nümunəsində izah edək: 
 
Morbus Parkinson və ya Parkinson xəstəliyi Alzaymer xəstəliyindən sonra beynin ikinci ən çox yayılmış neyrodegenerativ xəstəliyidir. Beyində müəyyən sinir hüceyrələrinin (neyron) məhv olması bu xəstəliyin əsas səbəblərindən biridir.
 
Təkcə Almaniyada hazırda rəsmi olaraq ən azı 400 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Dünyada Parkinson xəstələrinin sayı 1990-cı ildəki 2,5 milyondan 2016-cı ildə təxminən 6,1 milyona yüksəlib. Bu cür ciddi artımın əsas səbəbi kimi əhalinin artan qocalması göstərilir. Daha təhlükəli statistika isə 2030-cu ilə qədər Parkinson xəstələrinin sayının dünyada 3 dəfə artacağıdır. 
 
Bəs bunun səbəbi ən çox nələr olacaq?
 
Bu gün elmə iki önəmli səbəb məlumdur. Bunlardan biri xəstəliyin diaqnostikasında elmi əsaslı yeni metodların daha erkən mərhələdə tətbiqi, yəni diaqnozun daha tez qoyulması, digəri isə ölkələrdəki artan qocalmadır. 
 
Elmə əsaslanan məlumatlarla bu gün səhiyyəsi inkişaf edəcək ölkələrdə, o cümlədən Azərbaycanda yuxarıdakı məqamlara aid statistikaların hansı səviyyədə olmasını bilmək səhiyyənin inkişafı üçün vacib bir neçə sualın cavabını tapmaqda kömək ola bilər. Bundan başqa, ilkin diaqnostikanın və əhalinin (artan) qocalmasının hansı səviyyədə olmasını öyrənmək nəzərə alınması vacib amillərdəndir.
 
Əlavə olaraq qeyd edim ki, Parkinson xəstələrinin təqribən 35%-də klinik cəhətdən əhəmiyyətli depressiv simptomlar aşkarlanır; bunlara da zamanında göstərilməli psixoterapevtik müalicələrin səviyyəsi səhiyyəsi inkişaf edəcək ölkələrdə mütləq artırılmalıdır.
 
Hər birimiz bilirik ki, müasir səhiyyə müasir elmə əsaslanan yanaşma tələb edir. Düşünürəm ki, Azərbaycanda keçiriləcək COP29-da nəinki inkişaf etməkdə olan ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə də artan qocalma probleminin və həlli yolları istiqamətində maliyyə vəsaitlərinin ayrılmasının öhdəliyi müzakirəyə çıxarılmalıdır.