Azərbaycan qlaukomatoloqlarının V konfransı keçirilib

Azərbaycan qlaukomatoloqlarının V konfransı keçirilib

Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Qlaukoma həftəsi çərçivəsində Azərbaycan qlaukomatoloqlarının V elmi-praktik konfransı keçirilib.

Konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransın keçirilməsinin məqsədi digər ölkə, region və mərkəz həkimlərinin iştirak və bilikləri əsasında oftalmologiya sahəsində baş verən yeniliklərdən xəbərdar olmaq, yeni təkliflər irəli sürmək və bununla yanaşı həkimlərin də bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

Konfransda “Zədə ilə əlaqəli qlaukomanın xüsusiyyətləri yaşlı nəsil nümayəndələrində”, “Qlaukomanın diaqnostikasında optik koherens tomoqrafiyanın imkanları”, “Vitreoretinal cərrahiyyə sonrası göz daxili təzyiqin artması səbəbləri və onlara yanaşma taktikası”, “Toksik konyunktivit”, “Azərbaycanda buynuz qişanın transplantansiyasından sonra yaranan ikincili qlaukoma” və s. mövzularında çıxışlar dinlənilib.

Konfransda Türkiyədən, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və ölkənin digər oftalmologiya müəssisələrdən mütəxəssislər çıxış ediblər.