Ürək-damar xəstəliklərinin yükü - Vəziyyət necədir ?

Ürək-damar xəstəliklərinin yükü - Vəziyyət necədir ?

“Ürək-damar xəstəliklərinin (ÜDX) müalicəsində qazanılan tərəqqi yavaşlayır. Son 30 ildə əldə olunan uğurlu nəticələrdə müəyyən mənada “yerində yerimə” müşahidə edilir və müvafiq mütəşəkkil şəkildə addımlar atılmasa, yaxın zamanlarda geriləmə artıq qaçılmaz olacaq.

Bunu Mərkəzi Gömrük Hospitalının rəis müavini, həkim-kardioloq t.ü.f.d., Nabil Seyidov deyib. O qeyd edib ki, hər il yarım milyarddan çox insan ÜDX-nin təsirinə məruz qalmaqda davam edir və 2021-ci ildəki statistikanı götürsək, ürək-damar xəstəliklərindən ölənlərin sayı 20,5 milyonu ötüb.

Vaxtından əvvəl infarkt və insultların 80 faiz hallarının qarşısını almaq mümkündür. Son 50 ildə ÜDX-nin öyrənilməsi və menecmentində əldə edilən nailiyyətlər nəticəsində hazırda dünyada bunun üçün mövcud resurslar, alətlər və müdaxilə imkanları var.

Ancaq bir çox icmalarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ÜDX-nin menecmentində irəliləyişlərin əldə olunmasına imkan vermir.

Hər 5 ÜDX səbəbindən baş verən ölümdən təxminən 4-ü aşağı və orta gəlirli ölkələrdə baş verir. Yüksək gəlirli ölkələrdə, sirr deyil ki, ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Lakin bu, eyni zamanda ölkələr arasında bərabərsizliyin olduğuna işarə edir.

ÜD sağlamlığına təsir edən universal və endemik risk faktorları mövcuddur. Lakin mortalite və morbiditeyə təsir edən - tütün və alkoqollu içkilərdən istifadə daha çox yayıldığı və qida ilə daha çox duzun istehlakı, habelə hava çirklənməsi və fiziki aktivliyin azalması ÜDX-nin yükünü və onların səbəbindən ölüm hallarını artırmış olur.

Əhalinin sağlamlığına göstərdiyi mühüm təsiri, ağır sosial, tibbi və iqtisadi yükünü də nəzərə alaraq, ÜDX-nin profilaktikasına və erkən müdaxilələrlə müalicəsinə laqeyd yanaşmaq ciddi səhv olardı.

2010-cu il ilə müqayisədə dünya dövlətləri 2025-ci ilə qədər qeyri-infeksion xəstəliklərdən (QİX) ölüm hallarını 25 faiz azaltmağı hədəfə almış olsa da, ona nail olmaqda ciddi çətinliklər var. Lakin, müxtəlif istiqamətlərdə genişmiqyaslı fəaliyyətlərin sürətləndirilməsi ilə 3-cü və 4-cü Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq – QİX-dən vaxtsız ölümlərin 30 faiz azalmasına nail olmaq mümkündür.

Onilliklər ərzində dünyada ÜDX-ləri ölümlərin əsas səbəbi olub. N.Seyidov müqayisə üçün qeyd edib ki, 1990-cı ildə ÜDX-dən 12.1 milyon insan ölübsə, 2021-ci ildə bu rəqəm artıq 20,5 milyon olub.

Dünyanın 146 ölkəsində kişilər arasında və 98 ölkəsində qadınlar arasında vaxtsız və ya vaxtından əvvəl baş verən ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyidir.

Son 30 ildə, ümumilikdə, ürək-damar xəstəliklərindən ölüm halları artsa da, qlobal miqyasda rəqəmlər yaşa uyğun standartlaşdırıldıqda, ölüm hallarının azalmasını görürük. Əlbəttə ki, azalma daha çox və daha sürətli tərzdə məhz yüksək gəlirli ölkələrin payına düşür.

Təəssüf ki, ÜDX-də mövcud azalma tempi dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün kifayət deyil. Bu səbəbdən də, dövlətlər QİX və xüsusilə də, ürək-damar xəstəliklərinin profilaktikası məsələlərinə daha çox üstünlük verməlidirlər.