Azərbaycanı uğurlu sabahlara doğru aparan gün!

Azərbaycanı uğurlu sabahlara doğru aparan gün!

Çoxəsrlik tariximizin ən şərəfli səhifələrindən biri olan 15 İyun Milli Qurtuluş Günü ilk növbədə dövlətçiliyimizin qorunmasının simvolu kimi xarakterizə edilir. Bu gün həm də,  xalqımızın müstəqilliyimizin əbədi olması ilə bağlı əminliyinin təməlinin qoyulduğu gündür.

Zəngin dövlətçilik ənələrinə malik Azərbaycanın tarixində kifayət qədər əhəmiyyətli hadisələr baş vermişdir. Lakin əminliklə demək olar ki, çətin dönəmlərin yaşandığı, ziddiyətli məqamların, təzadlı hadisələrin baş verdiyi anda qədirbilən Azərbaycan xalqının öz xilas yolunu düzgün seçərək, doğru istiqamətdə irəliləməsi bu günün əhəmiyyətini daha çox önə çıxarır. Qətiyyətlə deyə bilirik ki, məhz həmin gün xalqımız şanlı dövlətçilik səhifəsini yazaraq, tarixi yüksəliş yoluna qədəm qoydu. Azərbaycan tarixinə  qızıl hərflərlə həkk olmuş bu möhtəşəm imzanın müəllifi isə Ulu Öndər, dahi Lider Heydər Əliyev idi.

Ümummili Liderin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan tarixin acı sınaqlarına boyun əymədi. Daxili və xarici qüvvələrin xəyanəti və işğalı ilə üz-üzə qalmış Ölkəmiz bu ağır sınaqlarından alnıaçıq, üzüağ çıxdı. Ulu Öndərin dərin siyasi savadı, uzaqgörənliyi nəticəsində Ölkəmiz uğurlu sabahlara doğru yol aldı.  Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın necə çətin, ağır dövr yaşadığını yaxşı xatırlayırıq. Xüsusilə erməni işğalı və bunun geniş miqyas alması, daxildə olan qüvvələrin hakimiyyət uğrunda apardıqları xain mübarizə ölkədə son dərəcə mürəkkəb, böhranlı vəziyyət yaratmışdı.

Belə çətin vəziyyətdə olan xalqımız, ümidini yalnız öz xilaskarına bağlamışdı. Sözün əsl mənasında  təkidlə Onun Vətəni xilas etməsi üçün səsləyirdi. Xalqımız eyni zamanda Ulu Öndərin Vətəninə, torpağına nə qədər bağlı olduğunu da yaxşı bilirdi. Xilaskar Lider hər zaman olduğu kimi bu dəfə də hədsiz bağlı olduğu, canından çox sevdiyi Vətənini, xalqını bu dəfə də tək qoymadı.1993-cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev  iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Dərin zəkası və qətiyyətli addımları ilə çox qısa zaman kəsiyində baş verən qarışıqlığın, çəkişmələrin, milli qırğının qarşısını aldı. Ulu Öndər bütün bunların fövqündə min-bir əzabla bərpa etdiyimiz müsqtəqilliyimizi  qoruyub saxlaya bildi. Əsaslı və haqlı olaraq 15 iyun tarixi  dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Dərin düşünülmüş, gələcəyə hesablanmış siyasət nəticəsində ağır döyüşlərin getdiyi, qeyri-bərabər qüvvələrin qarşılaşdığı cəbhə xəttində atəşkəsə nail olundu. O atəşkəs ki, bugünki Zəfərimizə hazırlığın əsası qoyuldu bu addımla. Dahi lider çökmüş iqtisadiyyatımızı dirçəltməyə nail oldu. Onun gərgin əməyi nəticəsində 1994-cü il sentyabr ayının 20-də iqtisadi inkişafımızın əsasının qoyulduğu “Əsrin müqaviləsi” imzalandı. Onun Ölkəmizə rəhbərliyi dövründə həyata keçirilmiş işləri saymaqla bitirmək olmaz. Dahi şəxsiyyətin Azərbaycan qarşısındakı ən böyük xidmətlərindən biri də layiqli varis yetişdirməsi oldu.

Məhz bu gün müstəqil Azərbaycan Ulu Öndər siyasi kursunun varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında zirvələrə doğru  inamla addımlayır. Azərbaycan sözün əsl mənasında aydın bir yolla öz parlaq sabahlarına doğru irəliləyir. Xalqımıza düşmən üzərində layiqli Qələbə ilə heç vaxt yaşamadığı qədər sevinc bəxş edən cənab Prezident İlham Əliyev bütün ideyalarında Ulu Öndərə sadiqliyini nümayiş etdirir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları ilə gələcəyə doğru inamla irəliləyir, böyük uğurlara imza atır. 

Amanə Qarayeva
Neftçala rayonu