Azərbaycanda banklara daxil olan pul köçürmələrinin həcmi 33,6 % artıb

Azərbaycanda banklara daxil olan pul köçürmələrinin həcmi

2026-cı ilin iyul ayında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycanın banklarına 248,6 milyon manat vəsait daxil olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, hesabat ayında banklara daxil olan vəsait üzrə 277,4 min əməliyyat həyata keçirilib.

Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamalara görə, 2025-ci ilin iyul ayı ilə müqayisədə əməliyyatların sayı 26,8 min və ya 8,8 faiz azalıb. Buna qarşılıq, banklara daxil olan vəsaitin həcmi 62,5 milyon manat və ya 33,6 faiz artıb.

Bir köçürmənin orta məbləği 896,3 manat olub

AMB-nin məlumatına görə, iyul ayında banklara sürətli pul köçürmə sistemləri vasitəsilə daxil olan bir köçürmənin orta məbləği 896,3 manat təşkil edib.

Bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə 284,7 manat və ya 46,6 faiz çoxdur.

Ödəniş kartlarının sayı 22,785 milyona çatıb

AMB-nin iyul ayının sonuna olan məlumatına görə, bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədədə çatıb.

Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artıb.

Həmçinin qeyd olunub ki, debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb.

Nağdsız ödənişlər 9,712 milyard manat təşkil edib

AMB bildirir ki, 2026-cı ilin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artıb.

2026-cı ilin iyul ayında ölkə daxilində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,712 milyard manat təşkil edib.

Nağdsız ödənişlərin ümumi həcmindən 8,455 milyard manat elektron ticarətin, 1,255 milyard manat POS-terminalların, 2 milyon manat isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə aparılan əməliyyatların payına düşüb.

Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının ümumi həcminin 69,8 faizini təşkil edib.