Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,27 ABŞ dolları və ya 3,58 faiz artaraq bir barel üçün 94,58 ABŞ dollarına çatıb.

Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,69 ABŞ dolları və ya 3,05 faiz artaraq 90,89 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,39 ABŞ dolları və ya 5,37 faiz artaraq bir barel üçün 66,47 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,56 ABŞ dolları və ya 2,84 faiz artaraq bir barel üçün 92,72 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

“Trading Economics”in son məlumatına görə, çərşənbə günü xam neftin qiyməti ardıcıl dördüncü sessiyada artaraq bir barel üçün 86 dollara yaxınlaşıb. Bildirilib ki, ABŞ və İranın münaqişəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq barədə razılığa gəlməsi ilə bağlı ciddi irəliləyişin olmaması tədarüklə bağlı narahatlıqları yüksək səviyyədə saxlayıb.

"ABŞ Prezidenti Donald Tramp Tehranla hazırda heç bir danışıqların aparılmadığını bildirib və ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasının qüvvədə qaldığını təsdiqləyib. Trampın su yolunun açıq olduğu və minalardan təmizləndiyi barədə açıqlamasına baxmayaraq, Hörmüz boğazında gəmiçiliklə bağlı risklər hələ də qalır və strateji marşrutdan keçən gəmilərin sayı məhduddur.

İran qüvvələri ötən həftə ərzində hərbi əməliyyatları intensivləşdirib. Bu ay indiyədək Hörmüz boğazından keçən gəmilərə, o cümlədən BƏƏ və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı səkkiz hücum qeydə alınıb.

ABŞ-dƏ isə sənaye məlumatları ötən həftə xam neft ehtiyatlarının 328 min barel azaldığını göstərib. Bu, əvvəlki həftə ehtiyatların 9,07 milyon barel artmasından sonra baş verib", - məlumatda qeyd edilib.