Azərbaycana turist axını xeyli azalıb - SƏBƏB

Azərbaycana turist axını xeyli azalıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır. Ölkəyə səfər edənlərin coğrafiyasında ən böyük payı Rusiya (28,3 %) və Türkiyə (20 %) vətəndaşları təşkil etdiyi halda, Körfəz ölkələrindən gələnlərin sayında 32,8 % azalma, Avropa İttifaqı ölkələrindən gələnlərin sayında isə 8 % artım qeydə alınıb. Ölkəmizə gələnlərin mütləq əksəriyyəti, yəni 72,4 %-i hava nəqliyyatına üstünlük verdiyi halda, gələnlərin 67,4 %-ni kişilər, 32,6 %-ni isə qadınlar təşkil edib. Eyni dövr ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 2,4 % azalaraq 1 milyon 160,1 min nəfərə düşüb. Xaricə üz tutan həmvətənlərimizin ən çox üstünlük verdiyi istiqamət 42,7 % göstərici ilə Türkiyə olub və onların da 70,4 %-i səfər zamanı hava nəqliyyatından istifadə edib. 

Bəs ölkəmizə pənah gətirən turistlərin sayında belə ciddi azalmanın qeydə alınmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Plat.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev bildirib ki, əsas səbəblər sərhədlərin bağlı olması və aviabiletlərin qiymətlərinin baha olmasıdır:

"Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin 2026–2030-cu illərə aid turizmə dair sərəncamı var və bu müsbət templə artıma hesablanıb. Bəhrəsini sonrakı mərhələlərdə görəcəyik. O ki qaldı indiki problemlərə, birinci aktual məsələ quru sərhədlərin bağlı olmasıdır. Turistlərin azalmasına səbəb olan ən başlıca amillərdən biri sərhədlərin açılmamasıdır. İkincisi də aviabiletlərin qiymətlərinin normadan baha olmasıdır. Ortalama qiymət baqajsız biletlərdə 324 manat, baqajlı biletlərdə isə 364 manatdır.

Gələn turistlər ərazidə qiymətlərə baxıb səfər eləyirlər. Aviabiletlər alınan tur paketin təxminən 70%-ni əhatə eləyir və ona görə də aviabiletlər turistlər üçün çox önəmlidir. Aviabiletlərin qiymətinin münasib olması turistləri də cəlb edir.

Ekspert digər məqamlara da toxunub: 

"Bütün mövsümləri əhatə edən turizmi inkişaf etdirməliyik. Yəni təkcə yayda və qışda turizm olmamalıdır. İl boyu bizim turizmimiz daim inkişafda olmalıdır. Qeyri-mövsümi vaxtlarda digər alternativ işlər görməliyik: tədbirlər, festivallar, maraqlı seminarlar keçirtməliyik. Bu yolla təkcə standart turizm deyil, digər turizm növlərini: kənd turizmini, aqroturizmi, sağlıq turizmini, ekstremal turizmi və digər turizm növlərini — hansı ki, bizim ölkəmizdə müxtəlif turizm növlərinin inkişafı üçün və həyata keçirilməsi üçün yüksək potensial var — inkişaf etdirməklə daha çox turistlərin cəlb olunmasına təkan verə bilərik".