Bədəniniz bu siqnalları verirsə, qan azlığını yoxlatdırın

Bədəniniz bu siqnalları verirsə, qan azlığını yoxlatdırın

Hövsan Tibb Mərkəzi qan azlığı, yəni anemiya ilə bağlı əsas məlumatları təqdim edib.

Mərkəzin məlumatına görə, insan özünü daim yorğun və halsız hiss edirsə, gün ərzində başgicəllənmə, dəridə solğunluq və saç tökülməsi kimi əlamətlərlə qarşılaşırsa, bu hallar anemiya ilə əlaqəli ola bilər.

Anemiya qanda toxumalara oksigen daşıyan hemoqlobinin və ya qırmızı qan hüceyrələrinin, yəni eritrositlərin səviyyəsinin aşağı düşməsi ilə xarakterizə olunur.

Hövsan Tibb Mərkəzi bildirir ki, qan azlığının səbəbi müəyyən edilmədən aparılan müalicə effektiv nəticə verməyə bilər. Buna görə də anemiyanın yaranmasına səbəb olan amilin dəqiqləşdirilməsi vacibdir.

Mərkəzin məlumatında qan azlığının ən çox rast gəlinən səbəbləri arasında dəmir çatışmazlığı, B12 vitamini və fol turşusu çatışmazlığı, xroniki xəstəliklər və həzm sistemi ilə bağlı problemlər göstərilir.

Anemiyanın müəyyənləşdirilməsi və səbəbinin araşdırılması üçün müxtəlif laborator müayinələrdən istifadə olunur. Bu müayinələrə qanın ümumi analizi (ÜQA), ferritin, vitamin B12 və fol turşusu analizləri daxildir.

Qanın ümumi analizi hemoqlobin və eritrositlər də daxil olmaqla qan hüceyrələrinin əsas göstəricilərini qiymətləndirməyə imkan verir. Ferritin analizi isə orqanizmdə dəmir ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsində istifadə olunur.

B12 vitamini və fol turşusunun səviyyəsinin müəyyənləşdirilməsi isə bu maddələrin çatışmazlığının anemiyanın yaranmasında rol oynayıb-oynamadığını araşdırmağa kömək edir.

Hövsan Tibb Mərkəzi geniş spektrli poliklinik, diaqnostik və laborator xidmətlər göstərən özəl tibb müəssisəsi kimi fəaliyyət göstərir. Mərkəzdə müasir texnoloji avadanlıqlardan istifadə olunur.