“Azərkosmos”un peyk xidmətləri ixracı artıb

“Azərkosmos”un peyk xidmətləri ixracı artıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən 35 ölkədən 95-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün avqust sayında məlumat verilib.

Hesabat dövründə “Azərkosmos”un ixrac etdiyi peyk telekommunikasiya xidmətlərinin dəyəri 15,2 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon manat və ya 50,5% çoxdur.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlirin ümumi gəlirlərindəki payı isə 62% təşkil edib.

2026-cı ilin yanvar-iyul aylarında peyk telekommunikasiya xidmətlərinin ixracında ən yüksək göstəricilər Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan və Misirin payına düşüb.

Belə ki, ixrac olunan xidmətlərin dəyərində Birləşmiş Krallıq 2,5 milyon ABŞ dolları ilə ilk sırada qərarlaşıb. Lüksemburqa 1,9 milyon ABŞ dolları, Türkiyəyə 730,3 min ABŞ dolları, Pakistana 669,3 min ABŞ dolları, Misirə isə 382,5 min ABŞ dolları dəyərində peyk telekommunikasiya xidməti ixrac edilib.

Ümumilikdə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı qeyri-monetar qızıl istisna olmaqla, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dollarına çatıb.