Azərbaycanda nəinki bankların sayı artmayacaq, hətta azalacaq... - AÇIQLAMA

Azərbaycanda nəinki bankların sayı artmayacaq, hətta azalacaq...

“Azərbaycanda yeni banklar buna görə açılmır ki, bank açmaq üçün bank sahiblərinin, yəni səhmdarların ilkin kapital kimi minimum 50 milyonu olmalıdır. Bu, hələ minimumdur, əslində isə realda daha çox olmalıdır, çünki fəaliyyətə başlamaq lazımdır.

50 milyon da ki yoxdur. Kimin var? Xaricdə, Qərb ölkələrində adətən belə hallarda pul problem deyil. Yüzlərlə sahibkar birləşib bank aça bilir, öz pullarını qoyurlar. Səhmdar cəmiyyətinin mahiyyəti də budur. Bizdə də qanuna görə, bank səhmdar cəmiyyəti formasında təşkil olunmalıdır. Reallıqda isə Azərbaycanda səhmdar cəmiyyətləri yoxdur. Xeyli insanın birləşib hansısa şirkət yaratması ənənəsi təcrübəsi mövcud deyil. Çünki qanunvericiliyimiz bərbad haldadır, praktika təşəkkül tapmayıb, məhkəmələrimizdə ədalət yoxdur. Axı sabah şəriklər arasında konflikt ola bilər.

Qanunvericiliyimiz isə bunu adekvat tənzimləmir. Məhkəmələrimizə də etimad yoxdur. Bir sözlə, Azərbaycanda kiminsə pullarını bir yerə toplayıb bank açması qeyri-realdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. 

O bildirib ki, əslində hər bir bankın kapitalı minimum 50 milyondur: “Bəlkə də, realda heç bəzi bankların 50 milyonu yoxdur. Öz hesabatlarında nə yazırlar, bu, başqa məsələ... Başqa məntiqlə yanaşsaq, sizin və ya mənim 50 milyonum olsa, gedib bu pula bank açarıq? Yox. Nəyimə lazımdır? Başqa bizneslə məşğul olaram. Böyük ehtimalla, Azərbaycanda yox. Bank idarə etmək çox ağır məsələdir. Axı Mərkəzi Bank tərəfindən nəzarət var. Məsələn, kənd təsərrüfatı üzərində belə nəzarət yoxdur. Azərbaycanda hazırda ən sərfəli biznes tikintidir. Çünki dövlət orqanları, məmurlar rüşvət alırlar. İmkan verirlər ki, get, kimin evini istəyirsənsə, sök, yerində nəsə tik, sat. Heç bir nəzarət də yoxdur. Qoyduğun pulu bir neçə ilə artıqlaması ilə çıxarırsan. Bir neçə milyonu olan sahibkar tikinti ilə məşğul olur. 50 milyonu olsa, bilirsiniz nə edər? Başqa fəaliyyətlə məşğul olar. Böyük ehtimalla, o da Azərbaycanda məşğul olmaz, çünki Azərbaycanda qanunçuluq yoxdur. Məhkəmələr tərəfindən qanunların tətbiqi, qanunun aliliyi təmin olunmur. Buna hörmət yoxdur. Sabah bank açdım, gəlib hansısa bəhanə ilə səhmlərimi əlimdən aldılar. Azərbaycanda belə hallar da var ki, şantajla, qorxudaraq şirkətini əlindən alırlar. Digər tərəfdən müqavilə öhdəliklərinin icra olunması məsələsi. Yəni bank kredit verir, sabah həmin kredit geri qayıtmaya bilir. Hamımız bilirik ki, problemli kreditdir. Kredit borcunu qaytarmaq banklar üçün asan deyil. Məhkəmə, icra məmurları, korrupsiya, rüşvət... Üçüncü məsələ də ortaya çıxır - sağlam rəqabət mühiti. Azərbaycanda bu da yoxdur. Elə banklar var ki, məhkəmədə heç bir problem olmur. İnzibati resursdan geniş istifadə etdirərək məsələlərini həll edirlər. Yeni bank belə banklarla necə rəqabət aparsın? Əslində bu, ən mühüm məsələdir. Niyə yeni bank açmırlar, çünki bu sektorda sağlam rəqabət yoxdur. İnhisarlaşma meyilləri var. Faktiki bir neçə bank bir əldən bütün bank sektorunu əlinə alıb. Hansısa bankın buna nəsə etməsi qeyri-mümkündür. Böyük ehtimalla, Azərbaycanda nəinki bankların sayı artmayacaq, hətta azalacaq. Demirəm ki, banklar bağlanacaq. Ola bilər, birləşsinlər...”