Toxumçular Assosiasiyası TÜİB-lə əməkdaşlıq edəcək
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” (TÜİB) İctimai Birliyi İdarə Heyətinin sədri Hüseyin Büyükfıratla görüşüb.
Görüşdə aqrar sahədə Assosiasiya və TÜİB arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Mədinə Əliyeva aqrar sahədə Azərbaycanda aparılan islahatlar, görülən işlər, fermerlərə göstərilən elektron xidmətlər və prioritet hədəflər barədə məlumat verib.
Qeyd olunub ki, aqrar sektorun müxtəlif sahələrinə dair proqramların icrası davam edir. Ölkədə məqsədyönlü islahatlar həyata keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.
Hüseyin Büyükfırat təmsil etdiyi qurumun vəzifə və funksiyaları, ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verib, kənd təsərrüfatı sahəsində o cümlədən toxumçuluğun inkişafı ilə bağlı Türkiyə təcrübəsinin təşviqi işində Azərbaycan Toxumçular Assosiasiyası ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Görüşdə iki ölkə arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmış, birgə əməkdaşlıq haqqında memorandum imzalanması ilə bağlı razılıq əldə olunmuşdur.