"Dönüş" filmi təqdim olundu – FOTO - VİDEO

"Dönüş" filmi təqdim olundu

Füzuli rayonunun işğal ildönümündə təqdim edilən film "Dönüş" sənədli filmi 2023-cü ildə Qarabağ bölgəsinin Füzuli rayonunda çəkilib. Bu əsər 30 ildən sonra öz doğma yurduna geri qayıdan Qarabağ müharibəsi veteranı Elxan Məmmədovun emosional həyat hekayəsini ekrana daşıyır. Film, itirilmiş torpaqlara geri dönüşün sevinc və kədər dolu anlarını tamaşaçılara təqdim edərək, müharibənin bir ailənin həyatında buraxdığı izləri dərindən əks etdirir.

Filmin əsas məqsədi, Qarabağ müharibəsi kimi tarixi hadisələrin şəxsi həyatlarda yaratdığı silinməz izləri və keçmişi ilə yenidən qarşılaşan bir ailənin hisslərini tamaşaçılara çatdırmaqdır. "Dönüş" təkcə bir ailənin hekayəsini deyil, həm də unudulmuş xatirələri canlandırmaq, itirilmiş dəyərlərə işıq tutmaq və tamaşaçılarda dərin emosional bağ yaratmaq üçün hazırlanmışdır.

Film haqqında danışan rejissor Mushwick  bildirib: "Bu filmin çəkilişləri Qarabağ bölgəsində qarşılaşdığım çətinliklərlə dolu bir macəra idi. Sadəcə kamera və mikrofonla çalışdım. Hər kadrı xüsusi bir əzmlə çəkdim və post-production mərhələsində Qarabağın ruhunu və tarixi zənginliyini əks etdirən təsvir yaratdım."

Ssenari müəllifi Orxan Salmanov isə əlavə edir: "Məqsədimiz, 30 il sonra ata-baba yurdlarına qayıdan bir ailənin sevinc və kədər dolu hisslərini tamaşaçılara çatdırmaq idi. Ssenarini yazarkən, bu hissləri mümkün qədər incə və səmimi şəkildə ifadə etməyə çalışdım."

Filmin səs rejissoru İsmail Mirzə Qacar qeyd edir ki, hekayənin duyğusal dərinliyini səs vasitəsilə gücləndirmək əsas hədəf idi: "Hər bir səs detalı tamaşaçıların hekayəyə qapılmasını təmin edəcək şəkildə işlənib."

Filmin hekayə strateqi Fərhad Bəxtiyar, bu filmə ilk baxışda dərin duyğular yaşadığını vurğulayır: "Hekayənin emosional axarını və strateji quruluşunu formalaşdırmaqla tamaşaçıları emosional səyahətə çıxarmağı hədəflədim."

Qrafik dizayner Coşqun Əlizadə isə filmin vizual elementlərinin keçmiş və gələcəyin vəhdətini əks etdirdiyini bildirir: "Poster və treylerlərdə müharibənin izlərini minimalist tərzdə əks etdirməyə çalışdım."

Filmin ideya müəllifi və baş obrazı, Elxan Məmmədov, Qarabağ müharibəsi veteranı olaraq uzun illər öz doğma yurduna dönmək həsrəti ilə yaşamış və bu geri dönüşün onun və ailəsinin həyatında yaratdığı dərin emosional təsir filmdə öz əksini tapmışdır.

"Dönüş" sənədli filmi tamaşaçılara keçmişi xatırlayaraq gələcəyə doğru irəliləməyin əhəmiyyətini vurğulayan emosional və mənalı bir səyahət təqdim edir.