"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyonu keçdi

"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2023-cü ili 6,682 milyon manat zərərlə başa vurub.

BusinessTime səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 23,1 % azdır.

Bununla belə, dövlət şirkətinin yığılmış zərəri 6,9 % artaraq 103,859 milyon manata çatıb.

Ötən il "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri 15,249 milyon manat (əvvəlki ilə nisbətən 58,7 % çox), qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 11,777 milyon manat (2,5 % az), sair gəlirləri 0,306 milyon manat (2,6 dəfə az), satışının maya dəyəri 18,408 milyon manat (52,8 % çox), inzibati xərcləri 13,283 milyon manat (18,5 % az), maliyyə xərcləri 64 min manat (2,4 dəfə az), gəlirdən çıxılan vergilər üzrə xərcləri isə 2,259 milyon manat (15,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 214,159 milyon manat olub ki, bu da illik müqayisədə 29,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,5 dəfə azalaraq 0,534 milyon manata, balans kapitalı isə 28,9 % azalaraq 213,625 milyon manata düşüb.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 397,507 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Report