Böyükşor gölü üzərində 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.
Bu barədə "BusinessTime"a Energetika Nazirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə ölkəmizin töhfələrindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏIiyevin bərpa olunan enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq reallaşdırılan meqa layihələrə diqqət çəkilib, Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə cari ilin altı ayında günəş enerjisi istehsalında 8 dəfədən çox artım qeydə alındığını bildirib. Çıxışda su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik qurğusu haqqında: “95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 min kilovat-saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihə, özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və genişləndirilməsi ilə bağlı müzakirələrə artıq start verilib” deyə qeyd olunub.
Daha sonra çıxış edən Bankın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan deyib: “AİB regional layihə çərçivəsində Azərbaycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək verir. COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının əhəmiyyəti böyükdür. Pilot layihə kiçik miqyasda həyata keçirilsə də, Azərbaycanda daha bir yaşıl enerji mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır”.
Qeyd edək ki, layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.