Ağdam Sənaye Parkında 24,9 milyon manatlıq metal istehsalı layihəsi açılıb
Ağdam Sənaye Parkında “ASMC” MMC-nin metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib. İki mərhələli layihənin ümumi dəyəri 24,9 milyon manatdır.
Prezident İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” MMC-nin 24,9 milyon manatlıq metal məmulatları istehsalı layihəsi çərçivəsində qurulan müəssisənin açılışında iştirak edib. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
“ASMC” 2024-cü ildə sənaye parkının rezidenti kimi qeydiyyata alınıb. Əsas təsisçisi “Almet Holding” ASC olan şirkətin layihəsi iki mərhələdə həyata keçirilir. Birinci mərhələnin dəyəri 8,8 milyon manatdır. Onun maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələyə 16,1 milyon manat investisiya nəzərdə tutulur.
Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, müxtəlif növ məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1 800 ton yanmış məftil, 12 min ton məftil və 1 080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə ildə 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.
Müəssisədə hazırda 26 nəfər çalışır. Zavod tam gücü ilə işlədikdə daimi iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur. Məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
Sənaye parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. İstehsal ediləcək materiallar işğaldan azad olunmuş ərazilərdəki tikinti-bərpa işlərində istifadə olunur.


