TƏBİB: Tibbi arayışlar üçün poliklinikalarda müvəqqəti sıxlıq yarana bilər

TƏBİB tibbi arayışlar üçün müraciətlərin bəzi gün və saatlarda müvəqqəti sıxlıq yarada biləcəyini açıqlayıb. Poliklinikalarda onlayn növbə sisteminin tətbiqi nəzərdə tutulur.

TƏBİB: Tibbi arayışlar üçün poliklinikalarda müvəqqəti sıxlıq yarana bilər
Foto: Trend

TƏBİB tibbi arayışlar üçün müraciətlərin eyni dövrə təsadüf etməsinin poliklinikalarda müvəqqəti sıxlıq yarada biləcəyini açıqlayıb. Bu barədə BusinessTime "Trend"ə istinadən xəbər verir.

Quruma görə, tibb müəssisələrinə müraciətlərin sayı günlər üzrə dəyişir. Müxtəlif təyinatlı arayışlar üçün müraciətlərin üst-üstə düşməsi ayrı-ayrı gün və saatlarda növbələrə səbəb ola bilər. TƏBİB bu halın bütün tibb müəssisələri üçün daimi xarakter daşımadığını bildirib.

Qurumun tabeliyindəki müəssisələrdə sağlamlıq haqqında arayışlar müəyyən edilmiş tibbi müayinə tələblərinə uyğun verilir. Məsələn, Forma 86 arayışı üçün müvafiq ixtisas həkimlərinin baxışı, laborator və instrumental müayinələr tələb olunur. Müayinələrin aparılması və nəticələrin qiymətləndirilməsi isə müəyyən vaxt aparır.

TƏBİB-in açıqlamasında bildirilir ki, arayışın verilməsi təkcə sənədin rəsmiləşdirilməsi deyil. Bu proses vətəndaşın sağlamlıq vəziyyətinin faktiki müayinələr əsasında qiymətləndirilməsini də əhatə edir. Qurum belə yanaşmanın mümkün xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini vurğulayıb.

Qurum müraciət axınının və qəbul prosesinin daha səmərəli təşkili, gözləmə müddətinin azaldılması üçün işlərin davam etdiyini açıqlayıb. Bu çərçivədə poliklinikalarda onlayn növbə sisteminin tətbiqi və digər müasir həllərdən istifadə nəzərdə tutulur.