Dünyada elektrikli avtomobil satışı oktyabrda 8 faiz artaraq 2,09 milyona çatıb

Oktyabrda qlobal elektrikli avtomobil satışı illik müqayisədə 8 faiz artsa da, sentyabrla müqayisədə 3 faiz azalıb. Avropa və Şimali Amerikada satışlar yüksəlib, Çində isə azalıb.

Dünyada elektrikli avtomobil satışı oktyabrda 8 faiz artaraq 2,09 milyona çatıb
Foto: Anadolu Agentliyi

Dünyada elektrikli avtomobil satışı bu ilin oktyabrında ötən ilin eyni ayına nisbətən 8 faiz artaraq 2,09 milyon ədədə çatıb. Bu barədə BusinessTime "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

"Benchmark Mineral Intelligence" şirkətinin məlumatına görə, satışlar sentyabrda qeydə alınan rekord səviyyə ilə müqayisədə 3 faiz azalıb. İlin ilk 10 ayında isə dünya üzrə 17,5 milyon elektrikli avtomobil satılıb. Bu, ötən ilin eyni dövründəkindən 5 faiz çoxdur.

Avropada oktyabr satışları illik müqayisədə 36 faiz artaraq 510 min ədədə yüksəlib. Artımda akkumulyatorla işləyən elektrikli avtomobillərin satışının 49 faiz çoxalması əsas rol oynayıb. Almaniyada elektrikli modellərin yeni avtomobil bazarındakı payı 45 faizi keçərək 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Böyük Britaniyada satışlar 30 faiz artıb.

Şimali Amerikada elektrikli avtomobil satışları 24 faiz artaraq 130 min ədəd olub. Bu, regionda həmin göstəricinin il ərzində ilk illik artımıdır. Artım əsasən ABŞ-da federal vergi güzəştlərinin 2025-ci ilin sonunda başa çatmasından sonra müqayisə bazasının aşağı düşməsi ilə əlaqələndirilir.

Çinin daxili bazarında elektrikli avtomobil satışları zəif tələbat fonunda 12 faiz azalaraq 1,14 milyon ədədə enib. Buna baxmayaraq, Çin istehsalçılarının yeni enerji ilə işləyən minik avtomobilləri ixracı oktyabrda rekord həddə — təxminən 600 min ədədə çatıb.

Dünyanın digər ölkələrində satışlar illik müqayisədə 85 faiz artaraq 300 min ədəd olub. Bu artıma Avstraliya və Braziliya kimi bazarlardakı sürətli genişlənmə təkan verib.