Energetiklərin peşəkar fəaliyyəti bütün hədəflərin reallaşdırılmasında vacib rol oynayır

Energetiklərin peşəkar fəaliyyəti bütün hədəflərin reallaşdırılmasında vacib rol oynayır

Hər il oktyabrın 20-də Azərbaycanda Energetiklər Günü qeyd olunur. Bu əlamətdar gün ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında, iqtisadi inkişafında və əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan energetika sahəsi əməkdaşlarının peşə bayramıdır.

Energetika Azərbaycanın strateji əhəmiyyətli sahələrindən biridir. Ölkənin sənaye potensialının genişlənməsi, yeni müəssisələrin fəaliyyətə başlaması, yaşayış məntəqələrinin inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşması etibarlı enerji təminatı ilə sıx bağlıdır. Bu baxımdan energetiklərin fəaliyyəti iqtisadiyyatın dayanıqlı inkişafında xüsusi əhəmiyyət daşıyır.

Enerji sisteminin sabit fəaliyyətinin təmin edilməsi, elektrik stansiyalarının və yarımstansiyaların istismarı, elektrik şəbəkələrinin yenilənməsi, qəza hallarının aradan qaldırılması və istehlakçıların fasiləsiz enerji ilə təmin olunması energetika işçilərinin gündəlik vəzifələri sırasındadır. Bu işlər yüksək peşəkarlıq, məsuliyyət və operativlik tələb edir.

Oktyabrın 20-nin Energetiklər Günü kimi qeyd edilməsi Azərbaycanın energetika tarixində mühüm hadisə ilə bağlıdır. 1981-ci il oktyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istifadəyə verilib. Bu hadisə ölkənin elektroenergetika sisteminin inkişafında yeni mərhələnin başlanğıcı olub. 

Azərbaycan Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə oktyabrın 20-si ölkədə Energetiklər Günü peşə bayramı elan edilib.

Energetiklərin peşəkar fəaliyyəti bütün bu hədəflərin reallaşdırılmasında vacib rol oynayır. Elektrik enerjisinin istehsalından istehlakçıya çatdırılmasına qədər uzanan mürəkkəb prosesin fasiləsiz və təhlükəsiz təşkili bu sahədə çalışan insanların bilik və təcrübəsindən, məsuliyyətindən və fədakarlığından asılıdır.

20 Oktyabr – Energetiklər Günü münasibətilə enerji sektorunda çalışan bütün mütəxəssisləri təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri
Kamal Hacıyev