Bakıda növbəti bal yarmarkası keçirilir - FOTOLAR

Bakıda növbəti bal yarmarkası keçirilir

Bu gün Bakıda - Heydər Əliyev adına İdman-Konsert Kompleksində 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına start verilib.

BusinessTime xəbər verir ki, dekabrın 11-nə qədər davam edəcək yarmarkanı Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyi birgə təşkil edib.

Yarmarka hər gün saat 09:00-dan 20:00-a qədər fəaliyyətdə olacaq.

İştirakçılar növbəlilik prinsipi əsasında, ilk qeydiyyatdan keçən arıçılar arasından seçilib. Əsas tələblər təsərrüfatın 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və ən azı 40 arı ailəsinin olması olub.

Satış yerləri hər rayondan olan arıçıların sayına uyğun olaraq proporsional qaydada bölüşdürülüb. Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib.

Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılıb. İştirak ödənişsizdir və hər bir arıçı yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara bilər. Arıçılar satış yeri, zəruri ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunublar.