Brent nefti 96 dolları keçib
Hörmüz boğazında tankerlərə hücumlarla bağlı xəbərlər və Yaxın Şərqdən enerji ixracının azalması neft qiymətlərini yüksəldib. Brent markalı neftin bir bareli 96,61 ABŞ dollarından alınıb-satılıb.
Yaxın Şərqdə təchizat risklərinin artması fonunda Brent markalı neftin qiyməti bir barel üçün 96,61 ABŞ dollarına yüksəlib. Bu barədə BusinessTime "OilPrice"a istinadən xəbər verir.
WTI markalı neftin bir bareli isə 85,79 ABŞ dollarından alınıb-satılıb. Hər iki göstərici oktyabrda çatdığı yüksək səviyyədən aşağı qalsa da, son enişdən sonra artım göstərib. Neft qiymətləri ardıcıl azalma dövründən sonra həftəni artımla başa vurmağa doğru gedib.
Hörmüz boğazında tankerlərə hücumlarla bağlı xəbərlərin artması bazarda təklif artıqlığı gözləntilərini zəiflədib. Yaxın Şərqdən enerji məhsulları ixracının müharibədən əvvəlki səviyyədən aşağı qalması və husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə son hücumları da qiymətlərə təsir göstərib.
"Reuters"in istinad etdiyi ANZ analitikləri Brent neftinin əlavə ciddi gərginlik olmadan da 100 ABŞ dollarını keçə biləcəyini düşünürlər. Onların fikrincə, bunun üçün bazara çatdırıla bilən təklifin məhdudlaşmasına dair daha çox sübut lazımdır.
ING analitikləri isə Ras Tanura ixrac mərkəzi ətrafında və Qırmızı dəniz limanları yaxınlığında hücumların təchizat risklərini yenidən diqqətə gətirdiyini bildiriblər. Onların sözlərinə görə, bazar iştirakçıları OPEC+-ın həftəsonu iclasında hasilat strategiyasına dair qərarları da izləyəcəklər.
Məlumatlara əsasən, neft axınları sentyabr və oktyabrdakı yüksək səviyyədən azalıb. Mayeləşdirilmiş təbii qaz ixracı isə müharibədən əvvəlki həcmin yarısı səviyyəsində qalır.


