Bakıda 44 mərtəbəli Zəfər Qülləsinin tikintisinə başlanılıb - FOTOLAR
Bakının 8 Noyabr prospektində 44 mərtəbəli Zəfər Qülləsinin (Victory Tower) tikintisinə başlanılıb.
BusinessTime-ın əldə etdiyi məlumata görə, qüllə “Avant Group” tərəfindən həyata keçirilən “Caspi Yards” layihəsi çərçivəsində inşa olunur. Artıq tikinti ərazisi tam hasara alınıb və ərazidə tikinti işlərinə start verilib.
“Caspi Yards” 8 Noyabr prospektində 13 hektar ərazidə reallaşdırılan genişmiqyaslı yaşayış kompleksidir. Müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılan layihə 11 yaşayış və 4 kommersiya binasını əhatə edir.
Layihənin konsepsiyasında yaşayış, biznes, təhsil, səhiyyə və istirahət imkanlarının vahid məkanda birləşdirilməsi nəzərdə tutulur. Kompleksin əsas xüsusiyyətlərindən biri ərazidə birbaşa metro girişinin yaradılmasının planlaşdırılmasıdır.
“Caspi Yards” layihəsinin diqqətçəkən memarlıq elementlərindən biri 44 mərtəbədən ibarət Zəfər Qülləsidir.
Müasir memarlıq yanaşması və yüksəkmərtəbəli quruluşu ilə seçilən qüllənin kompleksin əsas simvolik elementlərindən biri olması nəzərdə tutulur.



