Bakı və Abşeronda ekoloji bərpanı nəzərdə tutan layihə müzakirə edilib
İqtisadiyyat Nazirliyində “Yaşanılabilən Bakı” layihəsi üzrə əməkdaşlıq və görülən işlər müzakirə olunub. Layihə ekoloji vəziyyətin yaxşılaşdırılması və şəhər infrastrukturunun yenilənməsini nəzərdə tutur.
İqtisadiyyat Nazirliyində Bakı və Abşeron yarımadasını əhatə edən “Yaşanılabilən Bakı” layihəsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Müzakirədə aidiyyəti qurumların və Dünya Bankının nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin hazırlanması çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər nəzərdən keçirilib.
İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov layihənin ekologiya, infrastruktur və şəhərsalma baxımından əhəmiyyəti barədə danışıb. İştirakçılar ekoloji vəziyyətin yaxşılaşdırılması və şəhər infrastrukturunun inkişafı ilə bağlı əsas istiqamətləri müzakirə ediblər.
“Yaşanılabilən Bakı” layihəsi Bakı və Abşeron yarımadasında tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsini də nəzərdə tutur. Layihəyə göllərin və çirklənmiş ərazilərin bərpası, şəhər infrastrukturunun və yaşayış mühitinin yenilənməsi daxildir.


