Türkiyədə avtomobil istehsalının 70 faizdən çoxu Avropa şirkətlərinin payına düşür
Avropa avtomobil istehsalçıları Türkiyəyə təxminən 25 milyard avro sərmayə yatırıb. Türkiyə ilə Aİ arasında avtomobil ticarəti 2025-ci ildə 54,3 milyard avroya çatıb.
Avropa avtomobil istehsalçılarının payı Türkiyədə nəqliyyat vasitələri istehsalının 70 faizindən çoxunu təşkil edir. Bu barədə BusinessTime Anadolu Agentliyinə istinadən xəbər verir.
Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin rəhbəri Ahmet Burak Dağlıoğlu bu şirkətlərin ölkəyə təxminən 25 milyard avro (27,4 milyard ABŞ dolları) sərmayə yatırdığını bildirib. Onun sözlərinə görə, Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında avtomobil ticarətinin həcmi güclü iqtisadi tərəfdaşlığın göstəricilərindəndir.
Açıqlama avropalı jurnalistlərin Türkiyənin avtomobil sənayesi ilə tanışlığı üçün təşkil edilən üçgünlük səfər zamanı verilib. Nümayəndə heyəti İstanbul, Kocaeli, Bursa, Sakarya və Ankaradakı müəssisələrə baş çəkib, dövlət və sənaye nümayəndələri ilə görüşüb.
Dağlıoğlu Türkiyəni Avropanın avtomobil sənayesinin ayrılmaz hissəsi adlandırıb. O bildirib ki, Gömrük İttifaqı çərçivəsində inteqrasiya, qarşılıqlı sərmayələr və əlaqəli təchizat zəncirləri Türkiyə ilə Avropaya vahid istehsal zəncirində avtomobil istehsal etmək imkanı yaradıb.
Türkiyə Aİ-nin yeni sənaye siyasətinə daxil olmaq istəyir. Ölkənin Ticarət Nazirliyinin məlumatına görə, 2025-ci ildə Türkiyə ilə Aİ arasında avtomobil ticarəti 54,3 milyard avroya çatıb. Bu, tərəflər arasında ümumi ticarətin 204 milyard avroluq həcminin dörddə birindən çoxuna bərabərdir.


