Türkiyə ilə Rusiya arasında qarşılıqlı investisiyalar 10 milyard dollara çatıb
Türkiyə və Rusiya arasında qarşılıqlı birbaşa investisiyaların həcmi təxminən 10 milyard ABŞ dollarına çatıb. Tərəflər illik ticarət dövriyyəsini 100 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir.
Türkiyə və Rusiya arasında qarşılıqlı birbaşa investisiyaların həcmi təxminən 10 milyard ABŞ dollarına çatıb. Bu barədə BusinessTime "Anadolu Agentliyi"nə istinadən xəbər verir.
Türkiyənin ticarət naziri Ömər Bolat cümə günü İstanbulda keçirilən Türkiyə-Rusiya Biznes Forumunda bildirib ki, Türkiyədə 3 minə yaxın Rusiya, Rusiyada isə 1 300 Türkiyə şirkəti fəaliyyət göstərir. Birgə istehsalın və ticarətin genişləndirilməsinə həsr olunan forumda 200-dən çox iş adamı iştirak edib.
Nazirin sözlərinə görə, Rusiya Türkiyə podratçılarının işlədiyi ölkələr arasında birinci yerdədir. Türkiyə şirkətləri burada ümumi dəyəri 103 milyard ABŞ dolları olan 2 190 layihəni tamamlayıb. Bolat Türkiyə inşaatçılarının Rusiyada yeni layihələrdə də iştirak etməyə hazır olduğunu deyib.
Türkiyə kənd təsərrüfatı, ərzaq, avtomobil, kimya, tekstil, hazır geyim, mebel və tikinti materialları sahələrində məhsullarının Rusiya bazarındakı payını artırmaq niyyətindədir. Tərəflər Türkiyənin emal və istehsal imkanlarını Rusiyanın xammal, taxıl və enerji ehtiyatları ilə birləşdirərək dayanıqlı təchizat zəncirləri qurmaq üzərində işləyir.
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Türkiyənin 2027-ci ilin iyununda keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qonaq ölkə olacağını bildirib. O, enerji əməkdaşlığının əlaqələrin əsasını təşkil etdiyini, "Mavi axın" və "Türk axını" qaz kəmərlərinin etibarlı işlədiyini deyib. Novak tərəfdaşların "Akkuyu" Atom Elektrik Stansiyasının birinci blokunu istismara verməyə hazırlaşdıqlarını da açıqlayıb.
Tərəflər iki ölkə prezidentinin müəyyən etdiyi illik ticarət dövriyyəsini 100 milyard ABŞ dollarına çatdırmaq hədəfini bir daha təsdiqləyib. Bunun üçün birgə investisiyaların, uzunmüddətli müqavilələrin və məhsul çeşidinin genişləndirilməsinin vacibliyi vurğulanıb.


