Azərbaycan və Aİ Bakıda Orta Dəhliz və Zəngəzur dəhlizini müzakirə edib
Bakıda Azərbaycan və Aİ arasında nəqliyyat dialoqunun üçüncü iclası keçirilib. Tərəflər Orta Dəhlizin inkişafına maliyyə dəstəyini və Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə daxil edilməsini müzakirə edib.
Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib. Bu barədə BusinessTime "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi"nə istinadən xəbər verir.
İclasda nəqliyyat sahəsində əməkdaşlığın prioritetləri, regional bağlantıların inkişafı və infrastruktur layihələri müzakirə olunub. Tərəflər Orta Dəhlizin inkişafı üçün Aİ-nin maliyyə və investisiya alətlərindən istifadə imkanlarını nəzərdən keçiriblər.
Müzakirələrdə Naxçıvanın nəqliyyat infrastrukturuna Aİ-nin mümkün dəstəyi və Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi məsələlərinə də baxılıb. Avropa logistika şirkətlərinin Orta Dəhlizdən istifadəsinin təşviqi, aviasiya və dəniz nəqliyyatında əməkdaşlıq da gündəmdə olub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dialoq münasibətlərdəki müsbət dinamikanın davamı və əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açır. Onun sözlərinə görə, müzakirələr əldə olunan irəliləyişi nəzərdən keçirməyə, ortaq prioritetləri və növbəti addımları müəyyənləşdirməyə imkan verir.
Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska ötən il Brüsseldə keçirilən görüşdən sonra əməkdaşlığın inkişaf etdiyini deyib. O, regional bağlantıları, rəqəmsallaşmanı və aviasiyanı birgə fəaliyyət üçün əsas istiqamətlər adlandırıb. Tərəflər müzakirə olunan məsələlər üzrə fikir mübadiləsini intensivləşdirmək barədə razılığa gəliblər.


