Azərbaycanın neft koksu ixracından gəliri 82 faiz artaraq 95 milyon dolları ötüb
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan 236,6 min tondan çox neft koksu ixrac edib. İxracın dəyəri ötən ilin eyni dövrünə nisbətən 82 faiz artıb.
Azərbaycan 2026-cı ilin yanvar-oktyabr aylarında 236 min 633,78 ton neft koksu ixrac edib. Bu barədə BusinessTime Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Gömrük bəyannamələrinə əsasən, ixrac edilən neft koksunun dəyəri 95 milyon 227,82 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 36,7 faiz, dəyəri isə 82 faiz artıb.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 189 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
Ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Bir il ərzində ixrac 29,05 faiz artıb, idxal isə 20,6 faiz azalıb.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu ölkəni yanacaq məhsulları, neft-kimya müəssisələrini isə xammalla təchiz edir. Zavodda istehsal olunan məhsulun bir hissəsi ixraca göndərilir.


