Bal yarmarkasında 52 rayondan 100 tondan çox bal satışa çıxarılıb
Bakıda keçirilən 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasında 52 rayondan iştirak edən 270 arıçı tərəfindən ümumilikdə 100 tondan çox bal satışa çıxarılıb.
BusinessTime xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə bildirib.
Onun sözlərinə görə, satışa çıxarılmış məhsullar arasında may çiçək balı, cökə balı, meşə balı, Aran zonasında olanlarda isə həm lavanda balı, həmçinin də biyan balları var. Ümumilikdə satışa təqdim 18-ə qədər çeşiddə bal məhsulları olunub. Qiymətlərə gəlincə, sədr deyib: “Qiymətlər 20-40 manat arasında dəyişir. Bunu məhsulların çeşidindən və maya dəyərindən asılı olaraq arıçı özü müəyyənləşdirir. Yəni əvvəlki illərə nisbətən qiymət artımı müşahidə olunmur".
ATT İdarə Heyətinin sədri yarmarkada satılan balın keyfiyyəti ilə bağlı məsələdən danışıb: “Yarmarkada məhsullar satışa təqdim olunmazdan əvvəl onların təhlükəsizliyi və keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyası tərəfindən yoxlanılmışdır. Əgər alıcıların məhsulların keyfiyyəti ilə bağlı hər bir sualı yaranarsa və ya şübhəsi olarsa, onları yarmarkanın çıxışında yerləşdirilmiş səyyar laboratoriyada keyfiyyəti yoxlada bilərlər”.
E.Məhəmmədəlizadə bildirib ki, bu il də satışa təqdim olunmuş məhsulların bir qisminin qablaşdırma və brendləşməsi eyni qaydada ATT tərəfindən həyata keçirilib: “Biz arıçılıq sahəsində məhsulların brendləşməsinə xüsusi önəm veririk və bu il yarmarkamızda satışa çıxarılmış, 270 fermerdən 25-nin məhsulları məhz brendləşmiş məhsullardır. Biz bu istiqamətdə növbəti illərdə də arıçılıq məhsullarının köhnə, ənənəvi qaydada deyil, brendləşmiş şəkildə təqdim olunması üçün tədbirlər görücəyik. Bu, onların satış kanallarına çıxarılması, yerli marketləşmə və satış istiqamətində bir dəstək olar”.
Sədrin sözlərinə görə, yarmarkada işğaldan azad olunmuş ərazilərdən olan fermerlərin də sayı getdikcə artır: “Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında işğaldan azad olunmuş ərazilərdən iştirak edən fermerlərin iştirakı artıq ənənəyə çevrilmişdir. Belə ki, keçən il 15-ə yaxın arıçı-fermer yarmarkada iştirak edərək öz məhsullarını satışa təqdim etmişdisə, bu il bu say daha da artmışdır. Təkcə Şərqi Zəngəzur iqtisadi rayonundan 17 fermer, ümumilikdə isə işğaldan olunmuş ərazilərdən 26 fermerin 10 tona yaxın məhsulu satışa təqdim olunmuşdur”.
Qeyd edək ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarmarka dekabrın 11-dək davam edəcək və hər gün saat 09:00-dan 20:00-a qədər açıq olacaq.


