Prezidentin Dövlət Komitəsinə sədr təyin etdiyi Mursaqulov kimdir? - DOSYE
rezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
BusinessTime.az yeni sədrin dosyesini təqdim edir:
A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb. O, 2019-cu ildə sözügedən agentliyin direktoru təyin edilib.
Azər Mursaqulov həmçinin Azərbaycan İnvestisiya Holdinqində İdarə Heyətinin üzvüdür.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı müvafiq sərəncamlarla Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov vəzifəsindən azad edilib və o, Nəsimi rayonunun icra başçısı təyin edilib.

