Ağalıda fermerlər üçün yeni imkanlar: Texnika faizsiz lizinqə veriləcək

Ağalıda fermerlər üçün yeni imkanlar:

Qarabağda I Texnika Festivalında fermerlər üçün kənd təsərrüfatı texnikalarının əldə edilməsinə dair xüsusi şərtlər təqdim olunub.

Bunu “Prior Leasing” şirkətinin baş direktoru Araz Səfərli bildirib.

O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndində keçirilən festival çərçivəsində əsas məqsədlərdən biri fermerlərlə görüşmək, onların təklif və ehtiyaclarını dinləməkdir:

"Qarabağda fəaliyyət göstərən fermerlər texnikaları ilkin ödənişsiz əldə edə biləcəklər. Bununla yanaşı, uzunmüddətli və faizsiz lizinq şərtlərinin təqdim olunması nəzərdə tutulur".

A.Səfərli qeyd edib ki, şirkət texnika operatorluğu üzrə təlimləri də fermerlər və bu sahədə inkişaf etmək istəyən gənclər üçün pulsuz təşkil edəcək:

"Nümayiş etdirilən texnikaların idarə olunması üçün xüsusi bilik və bacarıqlar tələb olunur və bu istiqamətdə fermerlərə dəstək göstəriləcək.

Qarabağın yenidən dirçəlməsində fermerlərin əməyinin mühüm rolu var. Şirkət də bu prosesə öz töhfəsini verməyə çalışır".

A.Səfərli festivalda dünyanın tanınmış istehsalçılarına məxsus müasir kənd təsərrüfatı texnikalarının nümayiş etdirildiyini bildirib:

"Burada “Lovol”, “New Holland”, “Maschio Gaspardo” və “Väderstad” kimi markaların aqreqat, kombayn və digər texnikaları təqdim olunur.

Müasir texnikaların tətbiqi fermerlərin işinin səmərəliliyini artırmaqla yanaşı, vaxt itkisinin azalmasına və məhsuldarlığın yüksəlməsinə imkan yaradır".

BusinessTime