"SOCAR Downstream" Konqoda yeni layihəyə cəlb olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Downstream” şirkəti Konqo Milli Neft Şirkəti (SNPC) üçün layihənin idarə edilməsi üzrə məsləhətçi (PMC) seçilib.

Bu barədə “SOCAR Downstream”in idarəedici direktoru Emil Alxaslı sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, SOCAR və SNPC arasında ideya kimi başlayan əməkdaşlıq artıq mühüm mərhələyə çatıb.

“Bu yaxınlarda “SOCAR Downstream” CORAF Neft Emalı Zavodunun Layihə İdarəetmə Məsləhətçisi (PMC) kimi çıxış edərək zavodun modernləşdirilməsi layihəsi üzrə Pre-FEED mərhələsinin rəsmi başlanmasına dəstək verib”, - deyə E.Alxaslı bildirib.

O qeyd edib ki, əməkdaşlıq yalnız texniki məsələlərlə məhdudlaşmır və Azərbaycan ilə Konqo Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

“Bu əməkdaşlıq Azərbaycan ilə Konqo Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi, fərqli mədəniyyətlərin daha yaxından tanınması, ortaq maraq və imkanların müəyyənləşdirilməsi baxımından da mühüm təcrübəyə çevrilib”, - deyə o bildirib.

Bundan başqa, E.Alxaslı korporativ layihələrdə əldə olunan təcrübə və biliklərin tərəfdaşlar üçün əlavə dəyər yaratmaq məqsədilə tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.

“Komandamızın bu təcrübəni Azərbaycanın hüdudlarından kənara da daşıması və etimada əsaslanan əməkdaşlıq münasibətləri qurması ilə qürur duyuram”, - deyə idarəedici direktor qeyd edib.

“Bu, sadəcə bir layihə deyil. Bu, insanlar, təşkilatlar və ölkələr arasında qurulan tərəfdaşlıqdır. Eyni zamanda, əməkdaşlığın qarşılıqlı inkişafa və ümumi tərəqqiyə necə töhfə verə biləcəyinin nümunəsidir”, - deyə E.Alxaslı əlavə edib.

Qeyd edək ki, SOCAR və Konqo Milli Neft Şirkəti (SNPC) 2024-cü ilin aprelin 4-də Bakıda CORAF Neft Emalı Zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi şərtləri barədə saziş imzalayıb.

Pointe-Noire şəhərində yerləşən zavod 1982-ci ilin dekabrından fəaliyyət göstərir və Konqo Respublikasının yeganə neft emalı müəssisəsidir. Zavodun layihə üzrə emal gücü gündəlik 27 min barel təşkil etsə də, hazırda bu göstərici təxminən 20 min bareldir.

SOCAR mütəxəssislərinin zavodun mövcud vəziyyətini qiymətləndirərək onun modernləşdirilməsi istiqamətində təkliflər hazırlaması nəzərdə tutulur. Zavodda istehsal olunan neft məhsullarının yarıdan çoxu Konqo Respublikasının daxili tələbatının ödənilməsinə yönəldilir.

“SOCAR Trading” isə 2023-cü ildən CORAF-da istehsal olunan xam neft və neft məhsullarının bir hissəsini dünya bazarında satır.