AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib

AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib.

BusinessTime AZAL-a istinadən xəbər verir ki, bu, aviaşirkətin bu il parkına əlavə etdiyi ikinci "A321neo", ümumilikdə isə 5-ci hava gəmisidir.

Donanmadakı təyyarələrin ümumi sayı isə 31-ə çatıb.

Yeni "Airbus A321neo" təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.

Yeni təyyarə müasir "Airspace" salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. "Airbus A321neo" əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.

AZAL ilk "Airbus A321neo" təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci "A321neo"nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.

Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.

Bu çərçivədə AZAL 2032-ci ilə qədər donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.

İlkin Bağırov