Azərbaycanda şirkətlər qrupunun xalis mənfəəti 66% artıb
“Retems Group” MMC 2025-ci ili 810 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildə qeydə alınmış 488 min manatla müqayisədə 66% çoxdur. Şirkətin vergidən əvvəlki mənfəəti 61,8% artaraq 1,04 milyon manata, əməliyyat mənfəəti isə 44,8% artaraq 1,25 milyon manata çatıb. Hesabat dövrünün sonunda balansda bölüşdürülməmiş mənfəət 14% artaraq 5,77 milyon manatdan 6,58 milyon manata yüksəlib.
Şirkətin satış gəlirləri 2025-ci ildə 3,2% azalaraq 16,25 milyon manatdan 15,72 milyon manata düşüb. Beynəlxalq satışlardan gəlirlər 11,8% azalaraq 13,1 milyon manat, daxili satışlar isə 87% artaraq 2,63 milyon manat təşkil edib. Ümumi əməliyyat xərcləri 5,9% azalaraq 14,48 milyon manata enib. Bunun 12,51 milyon manatı logistika xərclərinin payına düşüb ki, bu da illik müqayisədə 6,9% azdır. İşçi heyəti ilə bağlı xərclər 2,5% artaraq 1,2 milyon manata çatıb, digər əməliyyat xərcləri isə 1,1% azalaraq 777 min manat olub.
“Retems Group”un cəmi aktivləri 2025-ci ilin sonunda 3,3% artaraq 12,98 milyon manata çatıb. Şirkətin öhdəlikləri 6,2% azalaraq 5,96 milyon manata düşüb, kapitalı isə 13% artaraq 7,03 milyon manat olub. Debitor borcları 9,4% azalaraq 5,62 milyon manata enib, kreditor borcları isə 2,2% artaraq 4,33 milyon manata yüksəlib. Pul və pul ekvivalentləri 8,2% artaraq 3,6 milyon manata, digər aktivlər isə 111,7% artaraq 1,05 milyon manata çatıb.
Şirkətin bütün öhdəlikləri qısamüddətli olub və onların həcmi 2024-cü ildəki 6,35 milyon manatdan 2025-ci ildə 5,96 milyon manata enib. Borclar 23,1% azalaraq 2,12 milyon manatdan 1,63 milyon manata düşüb. Uzunmüddətli aktivlər 6,6% artaraq 2,71 milyon manata, o cümlədən torpaq, tikili və avadanlıqların balans dəyəri 6,9% artaraq 2,71 milyon manata çatıb. Şirkət il ərzində əsas vəsaitlərin alınmasına 307 min manat yönəldib. Əməliyyat fəaliyyətindən xalis pul daxilolmaları isə 9% azalaraq 1,27 milyon manat təşkil edib.
Xatırladaq ki, “Retems Group” MMC 3 iyul 2012-ci ildə təsis edilib. Şirkət logistika, beynəlxalq və daxili yükdaşımalar, anbar, gömrük rəsmiləşdirilməsi və kənd təsərrüfatı məhsullarının satışı və paylanması sahələrində fəaliyyət göstərir. Nizamnamə kapitalı 450 min manatdır. Qrupun tərkibinə Azərbaycanda fəaliyyət göstərən “Retems Logistics” MMC (51% iştirak payı), “Aqro Retems” MMC (50%) və Rusiyada qeydiyyatdan keçmiş “OOO Retems Group” (50%) daxildir. Şirkətin direktoru Orxan Musayevdir.
Banker.az


