"Azərcell" ofislərə interneti neçəyə çəkir?

"Azərcell" ofislərə interneti neçəyə çəkir?

“Azercell”in korporativ müştərilər üçün nəzərdə tutduğu “Biznesim İnternet Xətti” xidmətinin aylıq qiymətləri 199-1399 manat arasında dəyişir.

Valyuta.az şirkətin rəsmi saytında yer alan məlumata əsasən xəbər verir ki, xidmət ofis və digər biznes obyektlərinin sabit internet bağlantısı ilə təmin olunmasını nəzərdə tutur.

Müəssisələrə internet sürətindən asılı olaraq yeddi fərqli tarif təqdim edilir.

Ən aşağı tarif üzrə 5 Mb/s sürətində internetin aylıq qiyməti 199 manatdır. 10 Mb/s sürətli bağlantı 249 manata, 15 Mb/s sürətli bağlantı 309 manata, 20 Mb/s sürətli bağlantı isə 399 manata başa gəlir.

Digər tariflər üzrə 30 Mb/s sürətli internetin aylıq qiyməti 549 manat, 50 Mb/s sürətli internetin qiyməti 749 manat, 100 Mb/s sürətli internetin qiyməti isə 1399 manat təşkil edir. Göstərilən məbləğlərə ƏDV daxil deyil.

Aylıq ödənişdən əlavə, hər qoşulacaq ünvan üçün 500 manat birdəfəlik quraşdırma haqqı müəyyən edilib. Bu məbləğ də ƏDV xaricdir.

Xidmət çərçivəsində internet trafikinə həcm məhdudiyyəti tətbiq edilmir. Şirkət bağlantının işləmə vaxtına 99,50% zəmanət verildiyini, həmçinin gecə-gündüz monitorinq və texniki dəstəyin nəzərdə tutulduğunu bildirir.

Rəsmi məlumatda qeyd edilir ki, müştərinin istəyi əsasında hər qoşulmuş ünvan üçün bir publik statik IP ünvanı təqdim oluna bilər. İnternet bağlantısının quraşdırılması üçün üç iş günü müddəti göstərilir.

Qoşulma şərtlərinə əsasən, ruter və digər daxili şəbəkə avadanlıqları abunəçi tərəfindən təmin edilməlidir. Binada quraşdırma işləri üçün tələb olunan icazələrin alınması da abunəçinin öhdəliyindədir.

Xidmət üzrə texniki dəstək “Azeronline” tərəfindən həyata keçirilir.