"Tesla" banklardan 30 milyardadək vəsait cəlb edə biləcək

"Tesla" banklardan 30 milyardadək vəsait cəlb edə biləcək

“Tesla” yeni məhsullarının istehsalını genişləndirmək üçün 30 milyard dollarlıq yeni kredit xətləri əldə edib. Vəsait “Cybercab” robotaksisi, “Optimus” robotu və “Tesla Semi”nin istehsalının artırılmasına yönəldilə bilər.

BusinessTime xəbər verir ki, “Citibank” şirkətə üç il müddətinə 20 milyard dollarlıq kredit xətti ayırmağa razılıq verib.

“Wells Fargo” ilə isə iki kredit xətti üzrə razılıq əldə olunub. Bunlardan biri beş il müddətinə 8 milyard dollar, digəri isə 364 gün müddətinə 2 milyard dollar təşkil edir.

“Tesla” tənzimləyici quruma təqdim etdiyi sənəddə 2026-cı ildə bu kredit xətlərindən istifadə etməyi planlaşdırmadığını bildirib. Şirkət cari ildə kapital xərclərinə ən azı 25 milyard dollar ayıracağını proqnozlaşdırır.

“Tesla” 2026-cı ilin ikinci rübünü təxminən 9 milyard dollar borc, 40 milyard dollardan çox pul vəsaiti və investisiyalarla başa vurub.

“Cybercab”, “Optimus” və “Tesla Semi” layihələrinin hər biri yeni istehsal xətlərinin yaradılmasını tələb edir. “Tesla” “Semi” və “Optimus” üçün ayrıca istehsal müəssisələri qurur.