Azərbaycanın hava məkanından tranzit uçuşların sayı dörd il ərzində 5 dəfədən çox artıb
Bağlantı əlbəttə ki, yalnız dəniz və dəmir yolu ilə məhdudlaşmır. Orta Dəhlizin hava nəqliyyatı istiqaməti də var.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, davam edən münaqişələr səbəbindən şimal və cənub istiqamətlərində hava məkanlarının bağlandığı və ya məhdudlaşdırıldığı bir şəraitdə Azərbaycan öz hava məkanını açıq və təhlükəsiz saxlamaqda davam edir:
“Azərbaycanın hava məkanından tranzit uçuşların sayı dörd il ərzində beş dəfədən çox artaraq ildə 260 min uçuşu keçib. Bunların arasında Almaniya hava limanlarından həyata keçirilən uçuşlar da daxil olmaqla, Avropa ilə Asiya arasında çoxsaylı uçuşlar var.
Sərnişin daşımaları baxımından Bakı ilə Almaniya arasında birbaşa 10 uçuş mövcuddur. AZAL Berlinə, Lufthansa isə hər gün Frankfurt şəhərinə uçuşlar həyata keçirir. Bu istiqamətdə artım üçün imkanlar var və biz bu fürsətdən də yararlanmaq istərdik”.
O əlavə edib ki, yükdaşımalar baxımından əlaqə daha da güclüdür: “Baş ofisi Bakıda yerləşən və Avropanın ən böyük kommersiya yükdaşıma aviaşirkətlərindən biri olan “Silk Way West Airlines” ildə 500 min tondan çox yük daşıyır. Son məlumatlara əsasən, Çin ilə Almaniya arasında hava yolu ilə daşınan yüklərin təxminən 15%-dən çoxu “Silk Way Airlines” tərəfindən həyata keçirilir.
Hazırda Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanı inşa olunur. Bu hava limanı Bakı Limanının bilavasitə yaxınlığında yerləşir və illik 1 milyon ton əlavə yükdaşıma gücü yaradacaq. Beləliklə, Ələt zonasında dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə yükdaşımalar bir yerdə cəmləşəcək”.
APA


