Asiya İnkişaf Bankı Azərbaycanın iştirakı ilə süni intellekt layihəsinə başlayıb

Asiya İnkişaf Bankı Azərbaycanın iştirakı ilə süni intellekt layihəsinə başlayıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirakı ilə infrastrukturun dayanıqlılığının artırılması və risklərə uyğunlaşmanın təmin edilməsi məqsədilə süni intellektdən istifadəyə dair yeni layihəyə başlayıb.

AİB-in məlumatına görə, layihədə Azərbaycanla yanaşı Əfqanıstan, Ermənistan, Banqladeş, Butan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Asiya-Sakit okean regionunun digər ölkələri də daxil olmaqla bankın üzv dövlətləri iştirak edirlər.

Layihənin həyata keçirilməsi üçün Texniki Yardım üzrə Xüsusi Fond çərçivəsində 800 min dollar maliyyələşmə nəzərdə tutulub.

Bank bildirir ki, təşəbbüs inkişaf etməkdə olan üzv ölkələrin fəlakətlərlə bağlı riskləri müəyyən etmək, qiymətləndirmək və azaltmaq imkanlarının gücləndirilməsinə yönəlib. Layihənin təbii və digər fəlakətlərin nəticələrindən qeyri-mütənasib şəkildə daha çox zərər çəkən yoxsul və həssas əhali qruplarının qorunmasına dolayı yolla töhfə verəcəyi gözlənilir.

Təşəbbüs çərçivəsində infrastrukturun dayanıqlılığının artırılması, risklərə uyğunlaşma yanaşmalarının təkmilləşdirilməsi və bu istiqamətdə süni intellekt texnologiyalarının imkanlarından istifadə olunması nəzərdə tutulur.

AİB-in açıqladığı statistikaya əsasən, 2015-2024-cü illərdə Azərbaycan 10 layihə üzrə ümumilikdə 2,53 milyard dollar həcmində suveren maliyyələşmə əldə edib. Bu vəsaitin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib ki, bu da müvafiq ölkə qrupu üzrə ən yüksək göstəricilərdən biri hesab olunur.

Həmin dövrdə maliyyələşmənin 39 faizi özəl sektorun inkişafına, 18 faizi iqlim maliyyələşməsinə, 10 faizi isə rəqəmsal texnologiyalar sahəsində həyata keçirilən təşəbbüslərə ayrılıb.

Bundan əlavə, 2015-2024-cü illərdə Asiya İnkişaf Bankı ümumi məbləği 963,9 milyon dollar olan doqquz qeyri-suveren layihəni təsdiqləyib. Bu maliyyələşmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib.

Qeyd olunub ki, qeyri-suveren layihələr üzrə öhdəliklərin 78 faizi regional əməkdaşlıq və inteqrasiya ilə bağlı olub. Bu göstərici AİB tərəfindən nəzərdən keçirilən yüksək orta gəlir səviyyəsinə malik müqayisəolunan ölkələr arasında ən yüksək nəticədir.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2026-cı ilin birinci rübündə Asiya İnkişaf Bankının ölkə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 455 min ABŞ dolları və ya 28,1 faiz artıb.