Yumurta niyə ucuzlaşmışdı? - TƏHLİL
Bir neçə gün əvvəl Azərbaycanda yumurtanın pərakəndə satış qiymətində kəskin ucuzlaşma müşahidə edilib və bəzi supermarketlər şəbəkəsi yumurtanın qiymətini 1-3 qəpiyə qədər endirib. Məhsulun kəskin ucuzlaşması isə müzakirələrə səbəb olub. Sonradan sosial şəbəkələrdə ucuz qiymətə təklif edilən yumurtaların süni və ya köhnə olduğu barədə iddialar yayılıb. Mütəxəssislər isə bu ucuzlaşmanın mövsümi xarakter daşıdığını bildirirlər. Qeyd edilir ki, yay aylarında yumurta istehlakı azalsa da, amma istehsal davam etdiyindən qiymət də bazarın tələbinə uyğunlaşıb.
Sosial şəbəkələrdə mağazalarda bir qəpiyə satışa çıxarılan yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı iddialara gəlincə isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən (AQTA) yoxlamalar aparılıb. Bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.
Ölkənin ən böyük yumurta istehsalçılarından biri olan Hacıqabul Quşçuluq Şirkətindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yumurtanın qiymətindəki ucuzlaşma mövsümi xarakter daşıyır: “Belə ki, hər il yay aylarında ölkədə yumurta istehlakı azalır. Bundan əlavə, Azərbaycanın yumurta ixracının əsas hissəsinin yönəldiyi Körfəz ölkələrində İran–ABŞ gərginliyinin yaratdığı çətinliklər ixraca mənfi təsir göstərib. Nəticədə daxili bazarda təklif artıb və qiymətlərdə ucuzlaşma müşahidə olunub. Məhərrəmlik ayı ilə əlaqədar şadlıq saraylarının fəaliyyətinin azalması da istehlaka təsir göstərən amillər sırasındadır”.
Şirkətdən qeyd edilib ki, dərs ilinin başa çatması və ictimai iaşə obyektlərində tələbatın azalması da yumurta istehlakının aşağı düşməsinə səbəb olub.
Quşçuluq Şirkətindən həmçinin vurğulanıb ki, hazırda ölkədə yumurta istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, onu əhəmiyyətli dərəcədə üstələyir. Bildirilib ki, istehsal səviyyəsi daxili tələbatın təxminən 125 faizini təşkil edir. Şirkətin açıqlamasına əsasən, məhz bu səbəblərdən bir sıra iri ticarət şəbəkələri müştərilərin cəlb edilməsi məqsədilə qısamüddətli endirim kampaniyaları həyata keçiriblər.
Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, ucuzlaşma bazarın tələbi ilə baş verib və hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədəddən çoxdur. Qeyd edilib ki, ölkə bazarının tələbi isə 4-4,5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır.


