Laçına qayıdış!
Tarixən Azərbaycanın ən gözəl, coğrafi baxımdan ən əhəmiyyətli rayonlarından biri olan Laçının işğaldan azad edilməsi ilə qarşıda duran əsas vəzifələrdən biri doğma yurdlarından didərgin salınmış insanların geri qayıdışının təmin edilməsi idi. Çünki ərazi üzərində suverenliyin bərpası yalnız dövlət sərhədlərinin və inzibati idarəçiliyin bərpası ilə tamamlanmır.
Bu prosesin mühüm hissəsini həmin ərazilərin əvvəlki sakinlərinin öz doğma torpaqlarına qayıtması təşkil edir. Laçında Böyük Qayıdış prosesi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Bununla 31 illik məcburi ayrılıqdan sonra insanların doğma torpaqlarında yenidən məskunlaşması üçün real imkan yaranıb. Qayıdışın həyata keçirilməsi üçün əvvəlcə yaşayış və sosial infrastrukturun yaradılması zəruri idi. Bu məqsədlə Laçın şəhərində çoxsaylı fərdi evlər və mənzillər tikilib və bərpa olunub. Şəhərdə məktəb və digər sosial obyektlərin yaradılması da qayıdan əhalinin normal həyat şəraitinin təmin edilməsinə xidmət edir. Laçın rayonunun Zabux, Sus və Bəylik kəndlərində də geniş quruculuq işləri aparılıb. Bu kəndlərdə yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi və ictimai obyektlər inşa edilib.
Belə yanaşma kəndlərin yalnız yaşayış məntəqəsi kimi deyil, tam sosial mühit kimi formalaşdırılmasını nəzərdə tutur. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin daimi məskunlaşmasının təmin edilməsi Böyük Qayıdışın real nəticələrini göstərir. Zabux kəndində 217 ailənin, Sus kəndində 59 ailənin və Bəylik kəndində 89 ailənin məskunlaşması da bu prosesin miqyasını nümayiş etdirir.
Qayıdışın sosial əhəmiyyəti insanların yalnız evlə təmin edilməsində deyil, onların əmək və ictimai həyata inteqrasiyasında da özünü göstərir. Buna görə Laçında yeni müəssisələrin yaradılması xüsusi əhəmiyyət daşıyır. Mebel, tekstil, ayaqqabı və digər istehsal sahələrinin yaradılması əhalinin məşğulluğuna imkan verir. Yeni iş yerlərinin bir hissəsinin məhz Laçın sakinləri üçün nəzərdə tutulması onların doğma yurdda iqtisadi fəallığının bərpasına xidmət edir. Sosial həyatın canlandırılması üçün mədəniyyət və icma obyektlərinin yaradılması da mühüm amildir. Bəylik kəndində klub-icma mərkəzinin yaradılması buna nümunədir.
Belə obyektlər kənd sakinləri arasında sosial əlaqələrin möhkəmlənməsinə və ictimai həyatın formalaşmasına şərait yaradır. Yaşayış məntəqələrində yaşıl enerjidən istifadə edilməsi isə Böyük Qayıdışın müasir və ekoloji yanaşmalarla həyata keçirildiyini göstərir. Bu proses gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı yaşayış mühiti yaratmağa hesablanıb. Laçına qayıdan insanların doğma evlərinə və torpaqlarına sahib çıxması milli-mənəvi baxımdan da böyük əhəmiyyət daşıyır.
Bu baxımdan Böyük Qayıdış təkcə demoqrafik proses deyil, həm də tarixi yaddaşın, sosial bağların və regional həyatın yenidən bərpasıdır. Laçında həyata keçirilən tədbirlər göstərir ki, qayıdış prosesi mərhələli, planlı və uzunmüddətli inkişaf məqsədləri ilə əlaqələndirilir. Bu xüsusiyyət Laçının gələcəkdə dayanıqlı və canlı yaşayış məkanına çevrilməsinə mühüm zəmin yaradır.
Aqil Abdullayev
Neftçala rayonu


