“TikTok” reklamına 1000 manat xərcləmək biznesə nə qazandırır?

“TikTok” reklamına 1000 manat xərcləmək biznesə nə qazandırır?

Azərbaycanda sahibkarların “TikTok” reklamlarına marağı artır. Reklam büdcələri böyüyür, videolar is’ yüksək baxış sayı toplayır. Lakin yüksək görünürlüyün real satış və gəlirə nə dərəcədə çevrildiyi müzakirə mövzusudur. Əsas sual isə budur: “TikTok” reklamları biznesin real böyüməsinə nə dərəcədə təsir edir, bu tip reklamlar biznesi böyüdür, yoxsa sadəcə görüntü yaradır?

Marketoloq Samir Mehdiyev Valyuta az-a bildirib ki, “TikTok” reklamları biznesin böyüməsinə real təsir edə bilər, amma burada yüksək baxış sayı ilə real nəticəni bir-birindən ayırmaq lazımdır: “Video 500 min, hətta 1 milyon baxış toplaya bilər, amma bu rəqəmlər avtomatik olaraq satış və gəlir demək deyil. Marketoloq olaraq mənim üçün əsas məsələ reklamdan sonra nə baş verdiyidir”.

“Neçə nəfər məhsulla maraqlandı, səhifəyə keçdi, müraciət etdi və ən əsası, alış etdi. Sahibkar reklama 1000 manat xərcləyib böyük baxış sayı əldə edirsə, amma bunun qarşılığında ciddi satış yoxdursa, həmin reklam daha çox görüntü yaradıb deməkdir” - deyə Samir Mehdiyev qeyd edib.

Marketoloqun sözlərinə görə, “TikTok”un böyük üstünlüyü qısa müddətdə çox geniş auditoriyaya çıxmaq və xüsusilə yeni brendi tanıtmaqdır: “Üstəlik, hər reklamın nəticəsi dərhal satışda görünməyə bilər. İnsan məhsulu “TikTok”da görüb yadda saxlayır, bir neçə gün sonra “Instagram”dan və ya başqa kanaldan alır. Bu da reklamın təsiridir. Ona görə “TikTok” biznesi böyüdür, yoxsa sadəcə görüntü yaradır sualının cavabı biznesin reklamı necə qurmasından asılıdır. Düzgün auditoriya, yaxşı kontent və nəticələrin düzgün ölçülməsi varsa, “TikTok” real satış kanalı ola bilər. Yalnız baxış və bəyənmə dalınca gedilirsə, böyük rəqəmlər görə bilərik, amma biznes nəticəsi olmaya bilər”.