Qaxda Aqrar Biznes Festivalı keçirilib

Qaxda Aqrar Biznes Festivalı keçirilib

Qax Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Qax Günləri” çərçivəsində Qax rayonunun “İçəribazar” qala kompleksi ərazisində Aqrar Biznes Festivalı təşkil olunub.

Festivalın məqsədi regionun aqrar potensialının tanıdılması, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumları və özəl sektor nümayəndələrinin təqdim etdiyi xidmətlərin nümayişi, innovativ texnologiyaların təşviqi, eləcə də aqrar sahədə həyata keçirilən dövlət dəstəyi mexanizmləri barədə ictimaiyyətin məlumatlandırılması olub.

Festival çərçivəsində rayonun kənd təsərrüfatı məhsulları, yerli istehsal nümunələri, aqrar texnologiyalar, innovativ həllər və kənd təsərrüfatında istifadə olunan müasir avadanlıqlar sərgilənib. Ziyarətçilər həm yerli istehsalçıların məhsulları ilə yaxından tanış olmaq, həm də aqrar sahədə tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat əldə etmək imkanı qazanıblar.

Tədbirdə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının məqsəd və prioritet istiqamətlərinin geniş ictimaiyyətə çatdırılmasına xüsusi diqqət ayrılıb. Bu məqsədlə festival ərazisində yaradılmış məlumat stendlərində Dövlət Proqramının əsas hədəflərini əks etdirən təqdimat materialları nümayiş etdirilib. Stendlərdə bitkiçilik və heyvandarlıq sahələrinin inkişafı, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, emal sənayesinin genişləndirilməsi, eləcə də fermer və sahibkarlar üçün nəzərdə tutulmuş dövlət dəstəyi mexanizmlərini əks etdirən təqdimat materialları nümayiş etdirilib. Festival iştirakçılarına Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, aqrar sahənin inkişaf istiqamətləri və mövcud dəstək alətləri barədə ətraflı məlumat verilib.

Tədbirin rəsmi açılışında çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “Qax Günləri”nin rayonun mədəni irsinin, multikultural dəyərlərinin, turizm və iqtisadi potensialının tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür festivallar yerli istehsalın təşviqinə, regionun turizm imkanlarının geniş auditoriyaya təqdim olunmasına və yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına xidmət edir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, Qax rayonunda keçirilən Aqrar Biznes Festivalı Mərkəz tərəfindən təşkil olunan sayca 95-ci tədbirdir. O qeyd edib ki, aqrar biznes festivalları fermerlər, sahibkarlar, dövlət qurumları və özəl sektor nümayəndələri arasında birbaşa əlaqələrin qurulması, müasir aqrar texnologiyaların nümayişi, dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmanın genişləndirilməsi və təcrübə mübadiləsinin təşkili üçün əlverişli platforma rolunu oynayır.

Festivalda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də elmi-tədqiqat institutları fəaliyyət istiqamətlərinə uyğun stendlərlə təmsil olunublar. Qurumların nümayəndələri tərəfindən fermer və sahibkarlar üçün göstərilən xidmətlər, fitosanitar və baytarlıq xidmətləri, elmi-tədqiqat nəticələri, innovativ layihələr və digər dövlət dəstəyi alətləri barədə ziyarətçilərə ətraflı məlumat təqdim olunub.

Festival çərçivəsində fermerlər, sahibkarlar və digər iştirakçılar dövlət qurumları, elmi müəssisələr və özəl sektor nümayəndələri ilə birbaşa ünsiyyət quraraq göstərilən xidmətlər, yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olublar.