BVF-nin rəhbəri kim olacaq?

BVF-nin rəhbəri kim olacaq?

Beynəlxalq Valyuta Fondunun (BVF) növbəti icraçı direktoru vəzifəsinə namizədlərin irəli sürülməsi prosesi yekunlaşıb.

Bu barədə fondun yaydığı məlumatda bildirilib.

“Aprelin 3-ü növbəti icraçı direktor vəzifəsinə namizədlik müddəti başa çatıb. Bir namizəd irəli sürülüb - BVF-nin hazırkı icraçı direktoru Kristalina Georgiyeva", - məlumatda qeyd olunur.

Qaydalara əsasən, bundan sonra BVF-nin İcraçı Direktorlar Şurası 70 yaşlı Kristalina Georgiyeva ilə fərdi müsahibələr aparacaq və onların nəticələrinə əsasən namizədlik təsdiqlənəcək. Bu qərar konsensusla qəbul edilməlidir, lakin lazım gələrsə, səsvermə də istisna edilmir.

BVF yeni rəhbərin seçilməsi prosesini aprelin sonuna qədər başa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, Kristalina Georgiyeva 2019-cu ilin oktyabrında beş il müddətinə bu vəzifənin icrasına başlayıb. Beynəlxalq maliyyə təşkilatının saytında qeyd edildiyi kimi, idarəedici direktor bu vəzifəni ardıcıl bir neçə müddətə tuta bilər.