"Hyundai" 50 mindən çox avtomobili geri çağıracaq
"Hyundai" şirkəti ABŞ-də 51 587 avtomobilin geri çağırıldığını elan edib. Buna səbəb qoşqunun quraşdırılması zamanı yaranan qısaqapanma riskidir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat verib.
Bildirildiyinə görə, "Hyundai" avtomobillərində qoşqunun birləşdiyi naqillər dəsti ehtimal ki, düzgün quraşdırılmayıb və bu da qısaqapanmaya, nəticədə də yanğına səbəb ola bilər.
Ehtiyat tədbiri olaraq, avtomobil sahiblərinə təmir işləri başa çatana qədər küçədə və binalardan uzaqda park etmələri tövsiyə olunur.
NHTSA əlavə edib ki, dilerlər qoşqu naqil dəstini pulsuz olaraq dəyişdirəcəklər.

