Leyla Nəsibova: Həyat yoldaşı “emosional zibil qutusu” deyil
Bakı 9 saylı mediasiya təşkilatının direktoru, mediator Leyla Nəsibova ailə münaqişələri ilə bağlı fikirlərini bölüşüb.
O qeyd qeyd ki, Azərbaycanda boşanmaların sayı getdikcə artır və görünən odur ki, bu artım davam edəcək. Bunun əsas səbəblərindən biri isə odur ki, biz cəmiyyət olaraq problemləri yalnız müzakirə edir, lakin onların kökünə enərək real həll yolları üzərində kifayət qədər işləmirik.
Mediator kimi fəaliyyət göstərdiyim üçün bu prosesləri yaxından müşahidə etmək imkanım olur. Peşəm mənə emosiyalarımı gizlətməyi öyrədib, process zamanı tam neytral qala bilirəm, amma bir vətəndaş kimi isə gördüklərim məndə ciddi narahatlıq yaradır. Xüsusilə gənc qadınların yaşadıqları çətinliklər insanı düşündürür.
Əslində hər bir münasibətdə problemlərin olması normaldır. Vacib olan həmin problemlərin necə idarə olunmasıdır. İki insan arasında ünsiyyət varsa, demək olar ki, həll olunmayan problem yoxdur. Lakin reallıqda tez-tez bunun əksini görürük. Kişilərin leksikonı söz ehtiyyatı azalır, özlərini ifadə etməkdə çətinlik çəkir, emosiyalarını düzgün idarə edə bilmir və bu da münasibətlərdə gərginliyi artırır.
Bununla belə, məsuliyyəti yalnız kişilərin üzərinə atmaq doğru olmaz. Çünki cəmiyyətin formalaşmasında qadınların, xüsusilə anaların rolu böyükdür. Əksinə, problemin kökündə qadınların da rolu var. Çünki psixoloji cəhətdən qeyri-adekvat, passiv-aqressiv, daim narazı kişilər də uşag vaxtı daha çox ana ilə vaxt keçirir, böyüyür və tərbiyə alır. Bu gün qarşılaşdığımız bir çox davranış modeli məhz ailədə verilən tərbiyənin nəticəsidir. Oğlan uşaqları elə böyüdülməlidir ki, qadın psixologiyasını və hisslərini anlaya bilsinlər.
Unutmaq olmaz ki, həyat yoldaşı insanın gündəlik stressini boşaltmaq üçün “emosional zibil qutusu” deyil. Hər kəsin öz yükü, öz gərginliyi və çətin günləri olur. Belə anlarda qarşılıqlı anlayış və dəstək daha vacibdir. Əslində bu, çox sadədir — insan yorulduğunu, diqqətə və ya sakitliyə ehtiyac duyduğunu ifadə edə bilər. Amma bizim cəmiyyətdə çox vaxt bunun əksi baş verir: insan evində, ailəsində rahatlıq tapmaq əvəzinə süni qüsurlar axtarır — “yeməyin duzu azdır”, “ev niyə belədir?”, “adam olmadın” və s., və narazılıqları şişirdir. Kiçik bir ev münaqişəsi qadının böyük səbrinin tükənməsi üçün son damcı olur və cütlük boşanma ərəfəsində mediasiyaya müraciət edir.
Son dövrlər azərbaycanlı xanımların xarici vətəndaşlarla evliliyi artıb. Halbuki əvvəllər bu çox nadir hallarda baş verirdi. O ailələrdə də problemlər olur, amma onlar danışılaraq həll edilir və boşanmaya gətirib çıxarmır.
Təəssüf ki, azərbaycanlı qadınların ailəcanlılığı, xanımlığı, kübarlığı və fədakarlığı xarici kişilər tərəfindən daha çox qiymətləndirilir. Paradoks ondadır ki, bəzən öz cəmiyyətimizdə dəyər verilməyən bu keyfiyyətlər başqa yerdə yüksək qiymətləndirilir.
Milli dəyərlərimiz və ən böyük sərvətimiz olan azərbaycanlı qadının dəyərini bilək və qoruyaq

