“Caspian Energy” jurnalının Maldivə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

“Caspian Energy” jurnalının Maldivə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

Xəzər, Qara dəniz və Baltik regionlarının aparıcı analitik nəşrlərindən biri olan "Caspian Energy" jurnalının Maldiv Respublikasına həsr olunmuş 125-ci xüsusi buraxılışı oxuculara təqdim edilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Nəşrin yeni sayında Maldiv Respublikasının Prezidenti Mohamed Muizzu ilə eksklüziv müsahibə dərc olunub. Müsahibədə Maldiv Prezidenti ölkəsinin dayanıqlı inkişaf strategiyası, iqtisadiyyatın şaxələndirilməsi, sənaye potensialının genişləndirilməsi, daxili istehsalın gücləndirilməsi və innovasiyaların təşviqi istiqamətində həyata keçirilən prioritetlər barədə ətraflı məlumat verib.

Yeni buraxılışda Maldiv Respublikasının turizm və ətraf mühit naziri Toriq İbrahimin eksklüziv müsahibəsi də yer alıb. Nazir bildirib ki, Maldiv Respublikası Azərbaycanı təmiz enerji, dayanıqlı turizm, iqlim diplomatiyası və ekoloji innovasiyalar sahələrində perspektivli tərəfdaş kimi qiymətləndirir.

Buraxılışda, həmçinin Maldiv Respublikasının maliyyə və planlaşdırma naziri Musa Zamirin müsahibəsi dərc olunub. Onun sözlərinə görə, Maldiv Respublikası bərpa olunan enerji sahəsinə investisiyaların cəlb edilməsini gücləndirərək idxal olunan qalıq yanacaqlardan asılılığın azaldılmasına və valyuta sabitliyinin möhkəmləndirilməsinə çalışır. Nazir, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və dövlət idarəçiliyinin modernləşdirilməsini nəzərdə tutan “Maldives 2.0” təşəbbüsünün həyata keçirildiyini bildirib.

Maldiv Respublikasının nəqliyyat və mülki aviasiya naziri Mohamed Amin ilə müsahibədə qeyd olunub ki, nazirlik ekoloji qurumlarla birgə dekarbonizasiya məqsədlərinə nail olmaq üçün nəqliyyat emissiyalarının monitorinqi üzrə milli sistem hazırlayır.

Jurnalda Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Han ilə müsahibə də dərc olunub. Müsahibədə bildirilib ki, Sloveniyanın iqtisadi siyasəti uzunmüddətli dayanıqlılıq, innovasiyalar, rəqəmsal transformasiya və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Strategiyanın əsas istiqamətləri sırasında kiçik və orta biznesin dəstəklənməsi, texnoloji modernləşmə, “yaşıl keçid” və yüksək əlavə dəyər yaradan məhsul istehsalı xüsusi yer tutur.

Serbiyanın turizm və gənclər naziri Husein Memiç ilə eksklüziv müsahibədə qeyd olunub ki, Serbiya postpandemiya dövründə turizmin bərpası tempinə görə Avropanın ən uğurlu istiqamətlərindən birinə çevrilib. Nazir bildirib ki, 2025-ci ildə ölkəyə gələn xarici turistlərin sayı 2019-cu ilin göstəricilərini 27 faiz üstələyib, beynəlxalq turizmdən əldə olunan gəlirlər isə 98 faiz artıb.

Yeni buraxılışda Slovakiyanın turizm və idman naziri Rudolf Huliak ilə eksklüziv müsahibə də yer alıb. Müsahibədə bildirilib ki, Slovakiyanın turizm sektoru pandemiyadan sonra inamla bərpa olunaraq demək olar ki, 2019-cu ilin rekord göstəricilərinə çatıb.

Buraxılışda, həmçinin “Caspian Energy” jurnalının baş redaktoru Natalya Susel-Əliyevanın analitik yazıları da yer alıb. Burada Azərbaycanın iqtisadi transformasiya prosesi xüsusi vurğulanıb. Bildirilib ki, qeyri-neft sektorunun ÜDM-də payı 2022-ci ildəki 52 faizdən 2025-ci ildə 72 faizə yüksəlib və proqnozlara əsasən, bu göstəricinin 2029-cu ilədək 80 faizi ötəcəyi gözlənilir.

“Caspian Energy” jurnalının xüsusi buraxılışında Azərbaycan və Maldiv Respublikası arasında inkişaf edən strateji tərəfdaşlıq münasibətlərinə də diqqət ayrılıb. Qeyd edilib ki, Bakı-Male marşrutu üzrə birbaşa müntəzəm aviareyslərin açılması və iki ölkə vətəndaşları üçün vizasız rejimin tətbiqi qarşılıqlı əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Analitik materiallarda Orta Dəhliz TRIPP layihəsi və Zəngəzur nəqliyyat dəhlizi də 2026-cı ildə Prezident İlham Əliyevin beynəlxalq gündəliyinin və apardığı danışıqların əsas mövzularından biri kimi təqdim olunub. Eyni zamanda, İran və Hörmüz boğazı ətrafında baş verən hərbi qarşıdurmanın qlobal enerji bazarlarına təsiri təhlil edilib.
Jurnalın tam veiyasını oxumaq üçün www.caspianenergy.media səhifsinə keçid edə bilərsiniz.

Xatırladaq ki, “Caspian Energy Club”ın dəstəyi ilə dünyanın 74 ölkəsində yayımlanan və 20 ölkədə əlavə çap olunan “Caspian Energy” jurnalının hər buraxılışında müxtəlif ölkələrin prezidentləri və baş nazirləri, hökümət nümayəndələri, dövlət rəsmiləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələr, aparıcı ekspertlərin şərhləri və analitik materiallar dərc olunur. Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər, Qara dəniz və Baltik regionlarının investisiyalar, yaşıl iqtisadiyyat, ənənəvi və yaşıl enerji, sənaye və innovativ texnologiyalar üzrə beş aparıcı nəşr sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

“Caspian Energy Club” haqqında qısa məlumat

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.