Nazir Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Nazir Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Qeyd olunub ki, nazir müəssisənin mövcud vəziyyəti, istehsal sexlərində istifadə edilən texnoloji avadanlıqlarla tanış olub. Xəzər dənizində nərəkimilərin qorunması və artırılması məqsədilə 2003-cü ildə yaradılan “Xıllı Nərə balıqartırma Zavodu” hazırda “Xıllı balıq" MMC kimi fəaliyyət göstərir. Nərə cinsli balıqların süni yolla artırılması üzrə ixtisaslaşan bu müəssisədə əsasən Xəzər dənizinə endemik olan nərə, uzunburun, qaya balığı (kələmo) və bölgə balıqları yetişdirilir.

Hazırda müəssisədə müxtəlif yaş qrupuna aid (1-20 illik) törədici fond üçün 8 min ədəd nərə cinsli balıq saxlanılır. Müəssisənin illik istehsal gücü 15 milyon körpə balıq buraxılışı üçün nəzərdə tutulub. Fəaliyyət göstərdiyi müddət ərzində müəssisə tərəfindən təbii su hövzələrinə, ümumilikdə, 80 milyondan artıq müxtəlif növ nərə cinsli balıq körpələrinin buraxılışı həyata keçirilib. Bu il 350 min nərə körpələrinin təbii su hövzələrinə buraxılması planlaşdırılır.

Baxış zamanı istehsalın artırılması, yeni texnologiyalardan istifadə, balıq resurslarının formalaşdırılması və digər məsələlər müzakirə edilib.

Görüş iştirakçıları balıqçılıq və akvakulturanın inkişafına dair fikirlərini bölüşüblər. Söhbət zamanı ölkədə bu sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, səsləndirilən təkliflər qeydə alınıb.