Sürətlə inkişaf edən, çiçəklənən Azərbaycan! - RƏY
Son illər ərzində Azərbaycan Respublikasının regionlarının inkişaf etdirilməsi istiqamətində qəbul edilmiş Dövlət Proqramları ölkənin qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın bütün istiqamətlərində, eləcə də kənd təssərrüfatı sahəsində uğurlu nəticələrin əldə edilməsinə zəmin yaratmışdır.
Əlbəttə ki, qazanılan nailiyyətlər investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına xeyli kömək etmişdir. Məhz bunun sayəsində ölkəmizin demək olar ki bütün bölgələrində qazlaşdırma işləri tamamlanıb, elektrik təchizatı yüksək səviyyəyə çatdırılmışdır. Bu isə Dövlətimizin daxili siyasətinin başlıca hədəfinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması olduğunun göstəricisidir.
Bu günlərdə kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirədə güniş məzmunlu nitq söyləyən Möhtərəm prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinin ölkələrin əsas prioritet istiqamətlərindən biri olduğuna xüsusi diqqət çəkdi. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə bir sıra innovativ addımlar atılmışdır.
Bunlardan Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) və Aqro Parkların yaradılmasını qeyd etmək olar. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2019-cu il 759 saylı Fərmanına əsasən 2020-ci il 01 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində fermerlərin bütün növ fəaliyyəti üzrə subsidiyalaşdırılması mexanizmi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. EKTİS – kənd təsərrüfatı sahəsində şəffaflığı təmin edir. Sistemin yaradılmasının əsas səbəblərdən biri isə fermerlərin rahat şəkildə əkinlərinə dair subsidiya üçün müraciət etmək imkanının reallaşdırılmasıdır.
Digər tərəfdən aqroparkların inkişafı çox mühüm rol oynayır. Həm istehsal, həm emal prosesinin və logistikanın bir təşkilat daxilində cəmləşdirilməsinin olduqca səmərəli olduğunu nəzərə alsaq aqroparkların çox mühüm üstünlüyü vardır. Bu üstünlük ondan ibarətdir ki, növbəli əkin sistemi daha səmərəli tətbiq olunur və bununla da daha bol məhsul yetişdirilir. Bu müasir aqrotexniki tədbirlərin tətbiqi ilə ərsəyə gəlir. Hal-hazırda Azərbaycanın bir çox bölgələrində aqroparklar və fermer təsərrüfatları yaradılıb.
Ümumilikdə əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulmuşdur. Aqroparkların yaradılması, həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşması və məşğulluğun inkişafına xidmət edəcəkdir. Bu isə ölkədə həyata keçirilən iqtisadi siyasətin yalnız paytaxt Bakını və iri şəhərləri deyil, eyni zamanda regionları da əhatə etdiyini göstərir. Bir sözlə dövlətimiz doğma Vətənimiz Azərbaycanın inkişafı naminə əlindən gələni əsirgəmir, və əminəm ki, bu istiqamətdə görülən işlər, fəaliyyət daha da genişlənəcəkdir. Biz bütün dünyaya nə qədər güclü olduğunuzu artıq siyasi və döyüş meydanında sübut etmişik.
Əbülfəz Eyvazov
Neftçala rayonu


