PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?

PAŞA Bankın səhmləri bahalaşır

Bildiyiniz kimi, PASHA Bank OJSC tərəfindən 14 oktyabr 2026-cı il tarixində növbəti dividend ödənişi elan olundu. Hər səhmə təxminən 2.86 manat dividend 30 oktyabrda səhmdarlara ödəniləcək. İndiyədək səhm almış investorlar 27 oktyabr tarixinədək səhmlərini satmadıqları təqdirdə bu dividend ödənişini əldə edəcəklər. Yeni investorların isə dividend ödənişindən yararlanmaq üçün 2 həftədən də az vaxtı var.

Yeni investorları maraqlandıran əsas sual isə budur: “Görəsən, indi PAŞA Bank səhmlərini almaq üçün düzgün vaxtdırmı?” Bu suala gəlir-risk prizmasından cavab tapmağa çalışacağıq.

PAŞA Bank səhmlərinin Bakı Fond Birjasında (Baku Stock Exchange) ən son istinad qiyməti (orta çəkili qiymət) 54.57 manat təşkil edir. Xatırladaq ki, həftə ərzində səhmlərin qiymətində təxminən 3% artım müşahidə olunmuşdur. Təsəvvür edin ki, siz 100 ədəd səhm almaq qərarına gəlirsiniz və bunun üçün ən son istinad qiymətinə uyğun 5457 manat ödəyirsiniz. Nəticədə, oktyabr ayının sonunda hər səhmə təxminən 2.86 manat olmaqla, cəmi 286 manat gəliri cəmi bir neçə gün ərzində əldə etmiş olursunuz. Bu məbləğ, hələ bankın səhmdarı olmadığınız 2025-ci ilin mənfəətindən ödənilən dividendin yalnız ikinci tranşından əldə etdiyiniz gəlirdir.

Növbəti il ilə bağlı belə bir fərziyyə edək: maliyyə nəticələrinə əsasən bank tərəfindən heç bir artım olmadan, eyni nominal həcmdə dividend ödənilsə, bu, hər səhmə əlavə təxminən 5.72 manat dividend gəliri və ya 100 səhmə 572 manat deməkdir. Bu ödənişin ən geci 2027-ci ilin oktyabr ayınadək ediləcəyini fərz etsək, bu bugün yatırdığınız 5457 manat investisiya qarşılığında 12 ay ərzində ümumilikdə 286 + 572 = 858 manat dividend gəliri fərziyyəsi deməkdir.

Bu isə ilkin investisiyanıza nisbətdə illik 15.7% dividend gəliri gözləntisi deməkdir - özü də vergidən azad gəlir!

Qeyd edək ki, PAŞA Bankın 2026-cı ilin birinci yarısı üzrə audit olunmuş maliyyə nəticələrinə əsasən 1 səhmə düşən mənfəət 5.16 manat təşkil etmişdir. Bu nəticənin ilin ikinci yarısında da sabit qalması və bankın 2025-ci il üzrə dividend ödəmə əmsalının (57.7%) 2026-cı ildə də dəyişməz qalması fərziyyəsində, faktiki dividend gəliri 1 səhmə görə 5.95 manat təşkil edir. Bu isə deməkdir ki, yuxarıdakı illustrativ nümunədə 100 səhmə görə hesabladığımız dividend gəliri fərziyyəsi hətta bir qədər də yüksək – 16.1%-ə çatır. 

İndi isə ağlınıza gələ biləcək o məşhur sual: “Yaxşı, bəs birdən 12 ay sonra səhmlər aldığım qiymətdən daha aşağı qiymətə satılarsa?” Hesablamalar göstərir ki, bir neçə neqativ qiymət ssenarisində belə 12 aylıq gəlirlilik kifayət qədər cəlbedicidir. Bu və mümkün digər sualların cavabı aşağıdakı təhlil sənədində…

Qeyd: Bu təhlil məlumat xarakterlidir və investisiya məsləhəti deyil. Gələcək dividend ödənişləri zəmanətli deyil, səhm qiyməti dəyişə bilər. Gəlirlilik hesablamaları fərziyyələrə əsaslanır və əməliyyat xərclərini nəzərə almır.